Gənclər və İdman Nazirliyində qalib idmançılarla görüş keçirilib

İtaliyanın Milan şəhərində ağır atletika üzrə 15 və 17 yaşadək oğlanlar və qızlar arasında keçirilən Avropa birinciliyində qalib olan yığma komandamızın üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş baş tutub.Görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, məşqçilər və milli komandanın üzvləri iştirak ediblər.Nazir müavini İsmayıl İsmayılov idmançılarımızı qələbə münasibətilə təbrik edib.

O, 15 yaşlı ağır atletlərimizin komanda hesabında qızıl medal qazanmalarının, ümumilikdə 22 medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu deyib. AAAF-ın baş katibi Rizvan Rəsulov ağır atletikanın Azərbaycanda dərin ənənələrə malik idman növü olduğunu qeyd edib. O, bu idman növünün ölkəmizdə daha da inkişafı üçün əhatəli konsepsiyanın hazırlandığını deyib.

Bütün yaş kateqoriyaları üzrə milli komandaların baş məşqçisi Asif Məmmədov yeniyetmə idmançıların böyük ümidlər vəd etdiklərini vurğulayıb, qazanılan nəticələrdən məmnunluğunu bildirib. Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov yığmamızın uğurlarını yüksək qiymətləndirərək ağır atletlərə uğurlar arzulayıb.

Daha sonra qalib idmançılar çıxış edərək uğurlu nəticələrin yaradılan yüksək şəraitin, diqqət və qayğının nəticəsi olduğunu vurğulayıblar.Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

SHARE