Firudin Quliyev Avropa çempionu oldu, rekord yenilədi!

Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Yarışda 40-a yaxın ölkədən 341 atlet (218 kişi və 123 qadın) medal mübarizəsinə qoşulacaq. Avropa çempionatında Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər və onlardan daha biri – Firudin Quliyev bu gün körpücük üzərinə çıxıb.

“Goranboy-Zirvə” klubunun təmsilçisi birdən qaldırma hərəkətində əvvəlcə 138, sonra 142, ən sonda isə 144 kq-ı ram etməyi bacardı. Bu nəticə ilə o, bu hərəkətdə Avropa ikincisi oldu.

Təkanla qaldırma hərəkətində isə hər şey daha yaxşı alındı. İdmançımız ilk yanaşmasında 184 kq sifariş verdi və bu çəkinin öhdəsindən gəldi. Bu, həm də yaşı 23-ə qədər gənclər arasında Avropa çempionatının rekordu demək idi. Quliyevə qədər bu rekord rumıniyalı Razvan Martinə məxsus idi – 181 kq. Firudin bu nəticəni 3 kq üstələdi.
“Zirvəçi” cəmi bir yanaşma ilə bütün rəqiblərini üstələyərək həm bu hərəkətdə, həm də ümumi sıralamada Avropa çempionu adını qazandı. İkinci yanaşmasında 190 kq-ı ram edə bilməyən və üçüncü cəhdindən imtina edən Quliyev, qarşıdakı yarışlara böyük ümid verdi.

Firudin toplam 328 kq (144+184) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Əlavə edək ki, Firudin Quliyev bu nəticə ilə yanaşı, yeniyetmələr və gənclər arasında Avropa çempionu və rekordçusu, gənclər arasında dünya çempionatının bürünc mükafatçısı, Kazan Universiadasının qalibi, böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı, rekordçu, dəfələrlə Azərbaycan çempionu, “Zirvə” Beynəlxalq İdman Klubunun Kubok və Final yarışlarının qalibi və mükafatçısıdır.

Atletimizi təbrik edir, ona qarşıdakı bütün yarışlarda həmişə olduğu kimi azərbaycan bayrağını yüksəkdə tutmağı, çempionluqlar, möhtəşəm qələbələr arzulayırıq!
f2

f4
Əhsən, Firudin!

SHARE