Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika turniri keçirildi

AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan ağır atletika üzrə XVIII açıq turnir keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışın əvvəlcə açılış mərasimi düzənlənib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov mərasimdə çıxış edərək xatirə turnirinin keçirilməsinin əhəmiyyətindən danışıb, həmçinin ölkədə idmana göstərilən dövlət qayğısından söz açıb.

Milli Qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə Şahbazova mərasimdə çıxışı zamanı yarışın təşkilatçılarına minnətdarlığını bildirdi.

Daha sonra çıxış üçün söz “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti,AAAF-ın I vitse-prezidenti Tofiq Heydərovə verildi. O Fəxrəddin Şahbazovun nəvəsi, babasının xatirəsinə adı verilən balaca Fəxrəddinə yarışın ilk qızıl medalını təqdim etdi. Tofiq Heydərov çıxışında Milli qəhrəman, sabiq ağır atlet Fəxrəddin Şahbazovun xatirəsinin həmişə uca tutulmasının vacibliyini, belə turnirlərin böyük əhəmiyyət daşıdığını vurğuladı. Bundan başqa, il ərzində ağır atletlərimizin əldə etdiyi nailiyyətlərindən də danışdı. 

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə yarış açıq elan edildi. Yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyən edilib. Qalib gələnlərə diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

Bildirək ki,  Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan 18-ci açıq turnir beynəlxalq status daşıyıb.

SHARE