Elvin Şükürzadə Avropa birinciliyindəki medal hesabımızı açdı!

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. Millimizin üzvlərində daha bir medal mübarizəsinə qoşulub. Elvin Şükürzadə yaşı 15-ə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 78 kq nəticə ilə bu hərəkətdə Avropa birinciliyinin kiçik gümüş medalçısı adını qazanıb.

Təkanla qaldırma hərəkətində Elvin 95 kq çəkinin öhdəsindən gələ bilib. Bununla o, bu hərəkətdə 6-cı olub.

Toplam 173 kq (78+95) nəticə ilə Şükürzadə Avropa birinciliyinin yekun sıralamasında 4-cü yeri tutub. Onu medaldan cəmi 1 kq ayırıb.

Yeniyetmə atletimizi bu çıxışı münasibətilə təbrik, qələbəsində əməyi olan hər kəsə təşəkkür edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE