DİQQƏT! SAKİNLƏRİN NƏZƏRİNƏ!

Əziz, AAAF Park sakinləri!
Kompleksimizin ərazisində yaşayan sakinlərin hər cür rahatlığının təmin olunması, komunal və digər xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün şirkətimiz tərəfindən müntəzəm, sistemli tədbirlər görülür və bundan sonra da görülməkdə davam edəcəkdir. Ancaq eyni zamanda, bu işlərin hər iki tərəf üçün səmərəli və effektiv olması üçün qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa ehtiyac var. Bu baxımdan sakinlərimizin də öz üzərlərinə düşən öhdəlikləri sistemli olaraq yerinə yetirməsi, müqavilə əsasında müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında etməsi vacib və mütləq şərtdir. Çünki artıq bu işin yalnız biz tərəfdən – birtərəfli şəkildə aparılması mümkünsüz həddə gəlib çatıb. Şirkətin bundan sonra, ötən illərdə olduğu kimi öz hesabına sakinlərin hər hansı borcunu silmək, aidiyyatı qurumlara ödənilməli olan vəsaitləri qarşılamaq fikri yoxdur və artıq o iqtidarda da deyil.
Təəssüflər olsun ki, sakinlərimizdən bəziləri ötən illərdə həqiqətən də təmənnasız edilən güzəştləri şirkətin məcburi öhdəliyi hesab edərək, yenə də ödəniş etmədən xidmət almaq fikrindədirlər. Bir daha vurğulayırıq ki, bu, artıq mümkün deyil.
Əlavə olaraq onu da nəzərinizə çatdıraq ki, AAAF Park Yaşayış Kompleksində ölkə qanun və qaydaları qüvvədədir və şirkət dövlətin aidiyyatı qurumları ilə qarşılıqlı öhdəliklər prinsipi ilə fəaliyyət göstərir. İndiyə qədər bu prinsiplərdən kənara çıxmamışıq. Bu səbəbdən də heç bir müvafiq qurum, təşkilat və ya strukturdan çəkinmək, qorxmaq üçün əsasımız yoxdur.
Sakinlərimizdən bəziləri, qərəzli, məsuliyyətini dərk etmədən, təhrif edilmiş və əsasən də birtərəfli məlumatları sosial şəbəkələrdə yayaraq, KİV nümayəndələrinə göndərərək doğru olmayan rəy formalaşdırır, yanlış addımlar atırlar.
Xüsusi vurğulamaq istəyirik ki, bu dezinformasiyalar şirkətimizə heç bir təzyiq metodu ola bilməz və heç bir öhdəlik yaratmır. Onsuz da haqqımızda birtərəfli, təhrif olunmuş məlumatlar yayan KİV orqanlarına qarşı hüquqi qaydada iddia qaldırılır və ölkə qanunlarına uyğun olaraq cəzalandırılması təmin edilir. Həmçinin aidiyyatı məsələlər üzrə Azərbaycan Mətbuat Şurasına da şikayətlərimizi ünvanlayır, lazımi tədbirlər görülməsi üçün addımlar atırıq. Bir daha qeyd edirik ki, bütün bu işlər görülərkən Azərbaycan Respublikasının qayda və qanunlarına istinad edir, yalnız onlardan çıxış edərək fəaliyyətimizi qururuq.
Bütün bunları nəzərə alaraq, sizi şirkətlə, məhz öz maraqlarınız naminə konstruktiv və ümumi qaydalara əsaslanan şəkildə əməkdaşlığa dəvət edirik. Biz sizin üçün əlimizdən gələnin maksimumunu etməyə hazırıq. Bunun üçün sizdən də dəstəyin olması vacibdir.

AAAF PARK Yaşayış Kompleksi

SHARE