Daim zirvədə!

“Azərbaycan” qəzeti yenə də “AAAF Park Yaşayış Kompleksi”nə diqqət ayırıb. Bu dəfə yeni açılan “Zirvə” liseyinin haqqında yazı yazılıb. Həmin məqaləni sizə təqdim edirik:

Daim zirvədə

Bu, “AAAF Park Yaşayış Kompleks”ində fəaliyyətə başlayan “Zirvə” liseyinin qarşıya qoyduğu məqsəddir

Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqi həm də təhsilin inkişafından keçir. Təhsilin yüksəlişi isə bu sahədə mükəmməl infrastrukturun yaradılmasından, maddi-texniki bazadan, xüsusən müasir tələblərə cavab verən məktəb binalarından da asılıdır.

Bu baxımdan ölkəmizdə təhsil infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemləri səviyyəsinə çatdırılması əsas məqsədlərdən biridir. Prezident İlham Əliyevin “qara qızılı insan kapitalına çevirək” ideyası dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilməklə uğurla həyata vəsiqə almaqdadır.

Bir faktı da qeyd edək ki, təhsilə xüsusi diqqət yetirilməsi respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Ona görə də təhsilin bütün istiqamətlər üzrə inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan dövlətin son illərdə artan maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamağa münbit şərait yaradıb. Bunun nəticəsidir ki, Prezdent İlham Əliyevin ölkəmizdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq son 10 ildə yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Təhsil ocaqlarının kompüter texnologiyaları ilə təchiz olunması ilə bağlı sərəncam və tapşırıqlara uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı hökumət müvafiq proqram qəbul edib. Müasir dünyada təhsil hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir.

Bu tədris ilindən ölkəmizdə yeni açılan orta məktəblərin sırasına biri də qoşuldu. Bu, Xırdalan şəhərində salınan “AAAF Park” yaşayış kompleksindəki “Zirvə” liseyidir. Liseyin əsas özəlliyi texniki, humanitar və idman təmayüllü olmasındadır. Üç istiqaməti özündə birləşdirməsi baxımından təhsil sahəsində ilkə imza atan “Zirvə” liseyi bu mənada respublikamızda yeganə və analoqu olmayan orta təhsil müəssisəsidir.

Liseydəki təlim-tədrisin vəziyyəti ilə tanış olmaq üçün buraya baş çəkdik. Həyətdəki səliqə-sahman, yüksək səviyyədə və xüsusi zövqlə aparılan təmir-tikinti işləri ilk baxışdan göz oxşayır. Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulub. Azərbaycan və rus bölmələri olan liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, zəngin kitabxana yaradılıb. Bundan başqa, idman təmayüllü olduğuna görə, “AAAF Park” yaşayış kompleksindəki gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançası və tennis kortu şagirdlərin ixtiyarındadır. Burada idmanın özü də üç istiqamətə ayrılacaq, gimnastika, cüdo və ağırlıqqaldırma üzrə ixtisaslaşma aparılacaq.

“Zirvə” liseyinin təsisçisi olan “Zirvə İdman Kompleksi” MMC-nin direktor müavini Rəşad Əliyevin sözlərinə görə, bu ildən fəaliyyətə başlayan təhsil ocağı qısa zamanda böyük uğurlara imza atacaq: “Bildiyiniz kimi, “AAAF Park” yaşayış kompleksində müxtəlif infrastruktur obyektləri yaradılıb. Uşaq bağçası, müxtəlif idman qurğuları uşaqların ixtiyarında olmaqla uğurla fəaliyyət göstərir. Bu ildən onların sırasına “Zirvə” liseyi də qoşuldu. Bu təhsil ocağının yaradılması istiqamətində uzun müddət idi ki, iş aparırdıq. Bu mənada “Zirvə İdman Kompleksi” MMC tərəfindən liseyin ən müasir təhsil ocağı səviyyəsində qurulması üçün bütün addımlar atılıb. Bütün fənn kabinetləri zəruri ləvazimatla təchiz olunub. Şagirdlərin biliklərə yiyələnməsi üçün hər bir şərait yaradılıb. Məqsədimiz adımıza uyğun fəaliyyət göstərmək, idmanda olduğu kimi, təhsildə də Azərbaycanın adını yüksəklərə qaldırmaqdır”.
Liseyin pedaqoji kollektivi müsabiqə yolu ilə seçilmiş qabaqcıl, müasir informasiya texnologiyalarını dərindən mənimsəyən müəllimlərdən təşkil olunub. Ona görə də hər bir valideyn əmin ola bilər ki, müasir Avropa standartlarına cavab verən liseyin peşəkar müəllimləri övladlarınızın qayğısına qalacaq, onların əsl vətəndaş kimi formalaşmasında, biliklərə yiyələnməsində öz bacarıqlarını əsirgəməyəcəklər.

Liseydə kompüterləşdirmə proqramı, informasiya texnologiyalarının tətbiqi məsələləri fəal şəkildə yerinə yetirilib. Şagirdlərin internetə çıxışı təmin olunub. 2 kompüter otağı internet şəbəkə sisteminə qoşulub. Müəllimlərin hamısı qeyd etdiyimiz kimi, informasiya-kommunikasiya texnologiyalarından tam məlumatlıdır, dərslərində elektron dərsliklərdən, layihələrdən istifadə edir. Bütün bunlar ondan xəbər verir ki, lisey böyük uğurlara imza atmağa iddialıdır.

Onu da qeyd edək ki, şagirdlərin səhərlər liseyə gəlməsi və dərsdən sonra evlərinə qayıtması üçün xüsusi avtobuslar ayrılıb. Dərs saatı başa çatdıqdan sonra liseyin yeməkxanasında şagirdlərə nahar verilir. Daha sonra bir qədər istirahət edən şagirdlərin əlavə məşğələləri başlayır. Bu məşğələlərdə onlar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını edir, növbəti günün dərslərini hazırlayırlar. Liseydə həmçinin internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daim müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi də mövcuddur.

Müşahidələrimiz göstərdi ki, bu təhsil ocağının müasir standartlara uyğun şəkildə qurulması məktəblilərin biliklərə ən yüksək səviyyədə yiyələnmələrinə öz müsbət təsirini göstərəcək. Həmçinin pedaqoji kollektiv vətənimiz üçün layiqli vətəndaş yetirməsi istiqamətində səylərini əsirgəmir. Bütün bunlar isə ondan xəbər verir ki, “AAAF Park”dakı “Zirvə” liseyi tezliklə ölkəmizin qabaqcıl və seçilən təhsil ocaqlarından birinə çevriləcək.

Cəmi bir neçə gündür fəaliyyətə başlamasına baxmayaraq, artıq şagirdlərin sayı 100-ü ötüb. Qəbul isə davam edir. Hər bir valideyn övladını bu məktəbə göndərə bilər.

Rəşad CƏFƏRLİ, “Azərbaycan”

SHARE