Dadaş Dadaşbəyli Avropa çempionudur!

 

Oktyabrın 1-11-i tarixləri arasında Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir. Bu gün daha bir atletimiz Avropa çempionu olaraq, Firudin Quliyev və Anastasiya İbrahimlinin qələbə ənənəsinə sadiq qalıb. Yaşı 20-yə qədər olan atletlərin 105 kq çəki dərəcəsində Dadaş Dadaşbəyli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
“Qobustan-Zirvə” atleti birdən qaldırma hərəkətində hər üçü yanaşmasını uğurla yerinə yetirib. O, 165, 170 və 176 kq-lıq ştanqı başı üzərinə qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.
Təkanla qaldırma hərəkətində də Dadaşbəyli əla çıxış etdi. O, ilk yanaşmasında 200 kq-ı ram etdi. Bu nəticə ona toplamda Avropa çempionluğu üçün yetərli oldu. İkinci yanaşmasında 206 kq-ı başı üzərinə rahatlıqla qaldıran atletimiz həm də təkanla qaldırma hərəkətində qızıl medala sahib çıxdı.
Beləliklə, toplamda 382 kq (176+206) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada Avropa çempionu adını qazandı. Onu təbrik edir, gözəl çıxış, möhtəşəm, inamlı qələbəyə görə təşəkkür edirik!
Davamı gəlsin, Dadaş!
Dadaş Dadaşbəyli buna qədər yeniyetmələr və gənclər arasında Avropa birincliklərinin gümüş mükafatçısı, Azərbaycan çempionu, “Zirvə Kuboku”nun sahibi və “Zirvə” İdman Klubunun Dünya Çempionatının üçqat qalibi idi.

222

SHARE