Bu gün Prezident İlham Əliyevin ad günüdür!

Bu gün – 24 Dekabr Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Heydər oğlu Əliyevin doğum günüdür. Ümummilli lider, mərhum prezident Heydər Əliyevin oğlu 1961-ci il dekabrın 24-də-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir.

Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.

Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi var. Prezident İlham Əliyev ölkədə bütün sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqət və qayğı göstərir. İldən-ilə idman uğurlarımızın sayının artması, Avropa və Dünya çempionatı yarışlarında idmançılarımızın qazandığı medallar, ölkədə Olimpiya Kompekslərinin və digər idman qurğularının inşasının davam etdirilməsi, Azərbaycanın mötəbər idman yarışlarına ev sahibliyi etməsi kimi hallar ölkədə idmanın sürətlə inkişafının təzahürüdür.

AAAF Yaşayış Kompleksinin rəhbərliyi və kollektivi adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edirik!

SHARE