Bu gün – Od çərşənbəsidir!

Novruz bayramı minilliklərlə davam edən tariximizin dərinliklərindən gəlib günümüzə çıxmış, milli, böyük mənəvi dəyərləri olan ən gözəl bayramlardan biridir. Onun əsas atributlarında biri də çərşənbələrdir. Bu gün onlardan ikincisi – Od çərşənbəsidir.

İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə – od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin, od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Mövcud tədqiqatlarda bayram ərəfəsi odla bağlı ritual və mərasimlərin aktiv mövcudluğu daha çox odun sakral mahiyyəti ilə əlaqələndirilib. Məsələnin bu cür etnik-mifoloji kontekstinin müəyyənləşdirilməsi baxımından yanlış qoyulması bayramın atəşpərəstlik və dolayısı ilə irandilli xalqlarla bağlanmasına, bu da öz növbəsində xalqımızın etnogenezinin qeyri-türk kontekstində axtarılmasına gətirib çıxarmışdır. Qədim türk mifologiyasının özündə odla bağlı müxtəlif motivlər mövcud olub və Novruzdakı odla bağlı rituallar bu görüşlərlə bağlıdır. Bayram ərəfəsində keçirilən əski rituallardan olan “Qodu xan” oyunu bu kultun sırf türk mifologiyasından qaynaqlandığını sübut edir.

Digər çərşənbələrdə olduğu kimi, od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi-Dədə Qorqud” dastanından da aydın görmək olar. Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Od çərşənbəniz mübarək!

SHARE