“Zirvə” BİK-in əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdi

1990-cı ilin 20 yanvar günü tariximizə ümümxalq hüzn günü kimi daxil olub. Artıq həmin tarixdən 28 il ötür. Hər il olduğu kimi bu ildə də Şəhidlər Xiyabanına insan axını olub. “Zirvə” Beynəlxalq İdman Klublarının rəhbər və nümayəndə heyəti, AAAF Park əməkdaşları,” Zirvə” liseyinin müəllim kollektivi, məşqçi və idmançılar Şəhidlər Xiyabanını ziyarət ediblər. Geniş heyətlə mərasimə qatılan əməkdaşlarımız şəhidlərin ruhuna ehtiramlarını ifadə edib, məzarlar önünə qərənfillər düzüblər.

Şəhidlər Xiyabanını ziyarət günboyu davam edib. On minlərlə böyük-kiçikli sıravi vətəndaşlar şəhid olmuş insanları yad edib, ruhuna dualar oxuyublar. Ziyarət zamanı yeniyetmə və məktəblilər də Qanlı gündə vətən yolunda canından keçən şəhidlərimizi andılar. 10 yaşlı Duyğu Səmədzadə xalqının vətənpərvər övladı kimi yetişdiyini və şəhidlik zirvəsinin ən yüksək yerdə dayandığını şeri ilə ifadə etdi.

20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

20 yanvar günü Azərbaycanın əbədi mübarizlik, qəhrəmanlıq tarixidir. Qürur mənbəyimiz olan şəhidlərə Allahdan rəhmət diləyirik.

SHARE