Baş məşqçi postunda dəyişiklik edildi

AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib.

İclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçi və Azərbaycan Kubokunda fərqlənən idmançı heyəti iştirak edib. Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.

İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc nəsil mütəxəssislərə şans vermək istəyilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib.
AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Azərbaycan ağır atletika yığma komandalarının sabiq baş məşqçisi Tofiq Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması barədə sərəncam verib. Yeni məşqçiyə işində uğurlar arzulanıb. federasiyanın güvən və inamı qeyd olunub.

Qeyd edək ki, dekabrın 9-29-u tarixləri arasında AAAF Park Yaşayış Kompleksindəki mərkəzi bazada yığma komandaların növbəti təlim-məşq toplanışı olacaq.

SHARE