“Azərbaycan” qəzeti: “İslamiadanın “ağır artilleriyası”

Azərbaycan Respublikası Milli Məclisinin yayın orqanı, rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti ağır atletlərimizin IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışları barədə mütəmadi materiallar dərc edir. Bugünkü sayında nəşr daha bir səhifə ayıraraq dünənki nəticələr barədə yazı yazıb. “İslamiadanın “ağır artilleriyası” başlıqlı yazını sizə təqdim edirik:

* * *

“İslamiadanın “ağır artilleriyası

Ağırlıqqaldıranlarımızın qələbəsi həm də İslam Həmrəyliyi Oyunlarının yeni rekordu oldu

IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışları davam edir. Mayın 14-də 58 kq çəki dərəcəsində qadın, 62 kq çəki dərəcəsində isə kişi idmançılar mübarizə apardılar.
Qadınların yarışında daha inamlı mübarizə aparan Türkiyə atleti Sümeyye Kentli 207 kq nəticə (90+117) ilə qızıl medalı qazandı. İndoneziyalı Axedya Jaqadhita gümüş, Özbəkistan atleti Muattar Nəbiyeva isə bürünc medala layiq görüldülər.
Kişilərin mübarizəsində qızıl medalı indoneziyalı Eko Yuli İravan, gümüş medalı Misir idmançısı Əhməd Saad, bürünc medalı isə Səudiyyə Ərəbistanı atleti Faysal Al Sulami əldə etdilər. Azərbaycan atleti Allahyar Abışov yarışı 8-ci yerdə başa vurdu.
Mayın 15-də isə idmançılar dörd çəki dərəcəsində körpücük üzərinə çıxdılar. Qadınlar 63, 69 və 75 , kişi idmançılar isə 69 kq çəki dərəcələrində güclərini sınadılar. Dünənki yarış günündə Azərbaycanı yalnız qadın atletlər təmsil edirdilər. Firuzə İbrahimova və Elnarə Abbasova 63, Fidan Hüseynzadə və Anastasiya İbrahimli isə 69 kq çəki dərəcəsində mübarizə apardılar.
63 kq çəki dərəcəsində ilk olaraq birdən qaldırma hərəkəti üzrə mübarizəyə start verildi. Bu mərhələdə mübarizə əsasən Azərbaycan, Türkmənistan və Özbəkistan atletləri arasında getdi. Ən yaxşı nəticəni Türkmənistan idmançısı Polina Quryeva göstərdi – 88 kq. Özbəkistan atleti Kumuşxon Fayzullayeva 84, Azərbaycanın təmsilçisi Elnarə Abbasova isə 82 kq nəticə göstərdilər.
Təkanla qaldırmada türkmənistanlı Polina Quryeva 105 kq-ı ram etməklə ən yaxşı nəticəni göstərdi. Kumuşxon Fayzullayeva 103, atletimiz Elnarə Abbasova isə 102 kiloqramın öhdəsindən gəldi. Beləliklə, iki hərəkətin cəminə görə 193 kq-ı (88+105) qaldıran Türkmənistan atleti Polina Quryeva qızıl, 187 kq-ı (84+103) ram edən özbəkistanlı Kumuşxon Fayzullayeva gümüş və 184 kq-ın (82+102) öhdəsindən gələn Azərbaycanın idmançısı Elnarə Abbasova bürünc medal qazandılar.
Beləliklə, IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının üçüncü günündə Azərbaycan növbəti bürünc medalını qazandı. Bununla da ağır atletikada bürünc medallarımızın sayı ikiyə çatdı.
Qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsi Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev təqdim etdi.
63 kq çəkidə mübarizə aparan digər idmançımız Firuzə İbrahimova isə 180 kq (80+100 kq) nəticə ilə beşinci yeri tutdu.
69 kq çəki dərəcəsində də mübarizə Azərbaycan, Türkmənistan və Özbəkistan idmançıları arasında getdi. Daha inamlı mübarizə aparan atletimiz Anastasiya İbrahimli birdən qaldırma hərəkətində hər üç yanaşmanın öhdəsindən uğurla gəldi. Körpücüyə çıxaraq müvafiq olaraq 95, 98 və 100 kq-ı qaldıran Anastasiya İbrahimli bununla həm də İslam Həmrəyliyi Oyunlarının yeni rekordunu müəyyən etdi. Bu mərhələdə Türkmənistan idmançısı Gülnabat Qədirova 99 kq-ın, Özbəkistan ağır atleti Manzuraxon Mamasalıyeva isə 91 kq-ın öhdəsindən gəldilər.
Sonra mübarizənin təkanla qaldırma mərhələsinə start verildi. İdmançımız Anastasiya İbrahimli bu dəfə də olduqca inamlı mübarizə apardı. İki dəfə körpücük üzərinə çıxan atletimiz müvafiq olaraq 115 və 119 kq-ı ram etdi. Diqqəti çəkən məqam isə ondan ibarətdir ki, idmançımız bu dəfə təkanla qaldırma üzrə hər iki yanaşmada İslam Həmrəyliyi Oyunlarının yeni rekordlarına imza atdı. Bu mərhələdə Türkmənistan və Özbəkistan atletləri müvafiq olaraq 115 və 112 kq-ın öhdəsindən gəldilər. Rəqiblərimiz zəif nəticə göstərdiklərindən Anastasiya İbrahimlinin üçüncü mərhələdə körpücüyə çıxmasına ehtiyac qalmadı. Ümumiyyətlə isə, Anastasiya İbrahimli İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2 rekordunu yenilədi. Bundan əvvəlki İslam Həmrəyliyi Oyunlarında isə Anastasiya İbrahimli iki rekorda imza atmışdı. Bununla da idmançımızın rekordlarının sayı 5-ə çatdı.
Beləliklə, “Zirvə” İdman Klubunun yetirməsi olan Anastasiya İbrahimli İslam Həmrəyliyi Oyunlarının yeni rekorduna imza ataraq 219 kq (100+119) nəticə ilə qızıl medal qazandı. Türkmənistan idmançısı Gülnabat Qədirova 214 kq (99+115) nəticə göstərərək gümüş, Özbəkistan atleti Manzuraxon Mamasalıyeva isə 203 kq-ı qaldıraraq (91+112) bürünc medal qazandılar.
Qaliblərə medalları Azərbaycan Milli Olimpiya Komitəsi Baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev təqdim etdi. Azərbaycanın Dövlət himni səsləndirildi.
İdmançımız Fidan Hüseynzadə isə birdən qaldırma hərəkətində 69, təkanla qaldırmada 88 kiloqramı ram edib. Toplam 157 kiloqramlıq (69+88) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.
Yarışdan sonra mətbuata açıqlama verən qızıl medalçımız, rekordçu Anastasiya İbrahimli körpücük üzərinə məhz qızıl medal üçün çıxdığını bildirdi: “Medal qazanacağıma əmin idim. Çünki bu Oyunlara çox ciddi hazırlaşmışdım. Rəqiblərimi də əvvəlki yarışlardan tanıyırdım. Körpücüyə çıxanda çox həyəcanlı idim. Çünki hamı məndən qələbə gözləyirdi. Mən yalnız qələbə qazanmalıydım. Çox sevinirəm ki, ən yaxşı nəticəni göstərərək qızıl medal qazandım. Ən mühümü odur ki, həm də yeni İslamiada rekorduna imza atdım. Mən bu qələbəmə görə məşqçilərimə və Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm. Çünki məşq prosesini ən yüksək səviyyədə keçirməyimiz üçün hər bir şərait yaradılmışdı”.
Elnarə Abbasova da körpücüyə medal üçün çıxdığını bildirdi. Amma onun medalının əyarı qızıl olmasa da əsas odur ki, nəticə var. “Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, mənim sevinc göz yaşlarım idi. Təbii ki, hər bir idmançının məqsədi yarışda yüksək nəticə göstərməkdir. Mən də IV İslam Həmrəyliyi Oyunlarına medal qazanmaq üçün qatılmışdım. Qızıl medal qazana bilməsəm də yarışı nəticə ilə başa vurdum. Ona görə gələcəkdə daha yaxşı hazırlaşmalı və növbəti beynəlxalq yarışlarda mütləq vətənimə qızıl medal qazandırmalıyam” – deyə Elnarə Abbasova bildirdi.
Dünənki yarış günündə daha sonra 69 kq çəki dərəcəsində kişi idmançılar, 75 kq-da isə qadınlar mübarizə apardılar. 75 kq-da qadınlar arasında qalib adını misirli Ravia Abdelxalek qazanıb. Gümüş medalı Türkiyə idmançısı Rabia Kaya, bürüncü isə Özbəkistan atleti Omadoy Otakuziyeva əldə edib.
Kişi idmançıların mübarizəsində türkiyəli atlet Daniyar İsmayılov bütün rəqiblərini üstələməyi bacarıb. Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı olmuş bu atlet toplam 323 kq nəticə göstərərək qızıl medala sahib çıxıb. Gümüş medalı iranlı Məcid Əsgəri 316 kq-la, bürünc medalı isə özbəkistanlı Doston Yokubov 314 kq-la qazanıb.
Xatırladaq ki, Azərbaycan ağır atletika üzrə ilk medalını mayın 13-də – ağır atletika yarışlarının ilk günündə qazanıb. 53 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Səbinə Əzimova
176 kq (75+101) nəticə ilə üçüncü yerə çıxıb.
Bu qələbə və idmançılarımızın dünənki uğurlu çıxışları göstərir ki, Azərbaycan ağır atletikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən ildən başlayaraq idmanın bu növünün inkişafı üzrə həyata keçirilən islahatlar artıq nəticə verməkdədir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın bu növünün inkişafına göstərilən diqqət Beynəlxalq Ağır Atletika Federasiyasının da diqqətindən yayınmayıb. Belə ki, mayın 14-də IV İslam Həmrəyliyi Oyunlarının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən ağır atletika yarışları çərçivəsində Azərbaycan Ağır Atletika Federasiyasına Beynəlxalq Ağır Atletika Federasiyasının xüsusi təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnaməni yarışları izləmək üçün Bakıda olan Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan və qurumun idarə heyətinin üzvü Mohammad Cəlud Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərova və baş katib Rizvan Rəsulova təqdim ediblər. Tomaş Ayan çıxış edərək deyib: “Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında təşkilatçılıq çox yüksək səviyyədədir. Gördüklərim məni sevindirdi. Həmişə olduğu kimi, Azərbaycan bu işlərdə öncüllərdəndir. Təşkilatçılıq zamanı ağır atletikaya verilən xüsusi dəyərin bir daha şahidi oldum. AAAF-ın rəhbərliyinə, onun vitse-prezidenti və baş katibinə bu mükafatı təqdim edərək öz təşəkkür və sayğımı bildirirəm. Mənə, ümumilikdə bu idman növünə xoş münasibətə, belə yüksək səviyyəli yarış təşkilatçılığına görə bir daha təşəkkür edirəm”. Tomaş Ayan yarış zalı və Ağır Atletika Akademiyasının çox möhtəşəm olduğunu, paytaxt Bakıının isə çox dəyişərək inkişaf etdiyini bildirib.
Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən verilən xüsusi təşəkkürnamə haqda danışaraq deyib: “Beynəlxalq Ağır Atletika Federasiyası ölkədə ağır atletikaya göstərilən qayğıdan çox razıdır. Onlar dünya ölkələrinə Azərbaycanı nümunə göstərirlər. Hazırda yarışların keçirildiyi Ağır Atletika Akademiyası, həmçinin “AAAF Park”dakı mərkəzi baza, liseyimiz, həmçinin digər zallarımız, yaradılan infrastruktur ilə tanış olandan sonra qonaqlar böyük təəccüb yaşayırlar. Ona görə də ağır atletika üçün etdiklərimizi qiymətləndirdilər və bizə xüsusi təşəkkür mükafatı təqdim etdilər”.
İdmançılarımızın qələbələrinə gəldikdə isə Tofiq Heydərov deyib: “Çox sevinirəm ki, ilk gündə bürünc medal qazana bildik, özü də bu mükafatı yeniyetmə idmançımız əldə etdi. Səbinə Əzimovanın çıxışından çox razı qaldıq. Anastasiya İbrahimli ilə Elnarə Abbasovanın qələbəsi göstərdi ki, Azərbaycan ağır atletika komandası İslam Həmrəyliyi Oyunlarının ən güclüləri sırasında yer alır. İnanıram ki, qarşıdakı günlərdə idmançılarımızın növbəti qələbələrinə sevinəcəyik və hədəfimiz olan medalları qazanacağıq”.
Tofiq Heydərov yarışların yüksək təşkilatçılıq səviyyəsində keçməsi, ümumilikdə ölkəmizdə idmanın inkişafı üçün verdiyi dəstəyə, göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
İslamiadanın ağır atletika yarışları davam edir. Bu gün 77, 85 və 94 kq çəki dərəcələrində kişi idmançılar mübarizə aparacaqlar. Ölkəmizin şərəfini 77 kq çəki dərəcəsində Əfqan Bayramov, 85 kq-da Kamran İsmayılov, 94 kq-da isə Rövşən Fətullayev qoruyacaqlar.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

SHARE