Azad Rəhimov: “AAAF gənc nəslin yetişməsi üçün ciddi işlər görür”

 

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yekunlarına həsr olunan mətbuat konfransı keçirilib. Konfransda iştirak edən Azad Rəhimov “Bakı 2017″nin təşkilatçılığından razılıq ifadə edib. Komandaların Atletlər Kəndindən razı qaldıqlarını bildirən nazir bəzi yığmaların oranı mayın 25-də tərk edəcəklərini diqqətə çatdırıb. A.Rəhimov Azərbaycanın 2021-ci ildə İstanbulda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına ən güclü komanda göndərəcəyini vurğulayıb. Daha sonra Nazir jurnalistlərin çoxsaylı suallarını da cavablandırıb. O AAAF TV-nin əməkdaşının ağır atletika ilə bağlı verdiyi sualı da cavabsız qoymadı.

“Bəzi idman növləri var ki, onların Azərbaycanda məktəbi və ehtiyyat qüvvəsi var, həm də idmançıların sayı çoxdur. Bu gün bəzi ağır atletlər dopinqə görə idmandan kənarlaşdırılıb, amma cavanlar üçün yol açılıb. Bunun da nəticəsidir ki, gənc nəsil yetişir və inanırıq ki, onlar gələcəkdə də yaxşı çıxış edəcəklər. Mən bunu onunla əlaqələndirə bilərəm ki, Federasiya bu məsələ ilə bağlı ciddi işlər görür. Dopinqə düşən idmançıların taleyi hələ də həll olunmayıb. Bəzi hallarda Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən, bəzi hallarda isə məhkəmə yolu ilə mübarizəni aparırıq ki, onları idmana qaytara bilək”.

SHARE