Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir!

100 il əvvəl – 1918-ci il may ayının 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, ilk dəfə qadınlara seçim hüququ tanındı, qadın–kişi bərabərliyi, təmin edildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdu. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdi. 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir.

Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir. 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqiliyi yenidən bərpa olunub. 1990-cı ildən Respublika günü – dövlət müstəqilliyinin bərpa edilməsi günü dövlət bayramı kimi qeyd edilir. Düz bir əsr sonra biz bu möhtəşəm tarix – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etmək xoşbəxtliyinə nail olmuşuq. Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bu əlamətdar hadisəni bayram etmək, böyük cümhuriyyətçilik ideyalarını davam etdirərək gənc və gələcək nəsillərə layiqincə ötürmək bizim mənəvi borcumuzdur. Müstəqillik kimi böyük dəyərə sahib olmaq, onu qorumaq gərəkdir.

Biz, Azərbaycanı daima zirvələrdə görmək, hər gün yeni zirvələri fəth etməsinə şahidlik etmək istəyirik. Müasir Azərbaycanın buna gücü, inamı və əzmi var. Bizə isə yalnız onu sevmək, yanında olmaq, sona qədər dəstəkləmək, uğrunda son nəfəsimizə qədər vuruşmaq qalır.

Şairin sözlərindəki kimi:

Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan! BAYRAMINIZ MÜBARƏK!

SHARE