Aşağı Nüvədi kəndində ağır atletika kompleksinin açılışı keçirildi

Ölkəmizdə idmanın inkişafı uğurla həyata keçirilən idman siyasətinin məntiqi nəticəsidir. Beynəlxalq yarışlarda qazanılan minlərlə medal və çempionluqlar Azərbaycandakı sabitlik, əmin-amanlıq, firavan həyat doğru və demokratik düşüncə və həyat tərzinə sadiqliklə əldə edilə bilib. Azərbaycan Ağır Atletika Federasiyası da ölkəmizdəki bu inkişafın təminatçısı, ümummillli lider Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurdan-uğura yüksələcəyinə inanır. Ağır atletika ailəsi olaraq 11 aprel Prezident seçkilərində məhz onun namizədliyini dəstəkləyəcək, ona qələbəsinə sevinəcəyik.

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) son illərdə sadiq qaldığı infrastruktur siyasətini tam sürətlə davam etdirir. Xüsusilə də regionlarda gələcək çempionların yetişdirilməsi üçün yaradılacaq şərait böyük əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə atılan addımlara daha çox önəm verilir.

Bu məqsədlə martın 5-də Sumqayıt və Bakıda açılışını edən AAAF və “Zirvə” İnternational Sport Clubs paytaxtdan kənarda yeni ağır atletika Komplekslərinin inşasına ara vermir. Aprelin 9-da onlardan biri istifadəyə verilib, daha birinin açılışı isə aprelin 10-da ediləcəkdir.

Aprel ayının 9-da Lənkəran rayonunun Aşağı Nüvədi kəndində yeni ağır atletika kompleksinin açılış mərasimi keçirilib. Regionlarda idmanın inkişafına dəstək məqsədilə həyata keçirilən kütləvi zalsalma layihəsi çərçivəsində burada müasir məkan inşa edilib. Ağır atletika, fitness, pauerliftinq, bodibildinq idman növləri ilə məşğul olmaq üçün hər cür şəraitə malik olan yeni zal, kiçik olsa da, universallığı ilə seçilir. Burada kəndin yeniyetmə və gənc atletləri, həmçinin digər yaşlardan olan insanlar həm peşəkar, həm də həvəskar idmanla məşğul olmaq imkanına malikdirlər.

Ən müasir avadanlıqlar, ağır atletika körpücükləri, paltardəyişmə, duş otaqları, saunası olan Kompleksin həyətində voleybol meydançası da salınıb. Burada eyni zamanda 30-ya yaxın adam idmanla məşğul ola, sağlam həyat tərzinə sadiq qalmaq üçün məşqlər edə bilər.

Kompleksin açılış mərasimində əvvəlcə ənənəvi qırmızı lent kəsilib. Lənkəran rayonun idman və ictimai xadimləri, AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin məşqçilər, kənd sakinləri, digər şəxslər burada yaradılan şəraitlə tanış olublar. Qonaqların canlı izlədikləri məşq prosesi marağa səbəb olub.

Sonra açılışın rəsmi hissəsi baş tutub. 1-ci vitse-prezident Tofiq Heydərov çıxş edib və bu Kompleksin ərsəyə gəlməsi barədə danışıb. O qeyd edib ki, Azərbaycanda ağır atletika böyük inkişaf mərhələsindədir və bunda ölkə rəhbərliyinin həyata keçirdiyi idman siyasəti böyük rol oynayır. Regionlarda inşa edilən bu cür Komplekslərin əhəmiyyətini qeyd edən Heydərov, beynəlxalq arenalarda qazanılan uğurların məhz buradan başladığını bildirib. O, zalların açılışının davam etdiriləcəyini, ölkə ağır atletikasının infrastrukturunun daima genişləndiriləcəyini deyib. O, hər kəsi 11 Aprel prezident seçkiləri günündə ən layiqli namizəd İlham Əliyevə səs verməyə dəvət edib. Sonda xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, aprelin 10-da Lerik rayonunun Piran kəndində daha bir ağır atletika kompleksinin açılış mərasimi keçiriləcək.

SHARE