AMADA və AAAF-ın birgə anti-dopinq seminarı keçirilib

AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib. Tədbirdə “Zirvə Liseyi”nin ağır atlet şagirdləri və təlim-məşq toplanışında olan yığma komandalarımızın idmançı və məşqçi heyəti iştirak edib. Seminarı AMADA-nın Təhsil və Təlim üzrə meneceri Lalə Hacıyeva və mütəxəssis-həkim Fərid Əliyev aparıb.İştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, Terapevtik İstifadə üçün İstisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.Seminar zamanı iştirakçıları maraqlandıran suallar da cavablandırılıb. Sonda idmançılar anonim dopinq sorğusunda iştirak edib, onlara maarifləndirifici buklet və kitabçalar paylanılıb.

Onu da qeyd edək ki, son zamanlar AAAF dopinqlə mübarizə tədbirlərini genişləndirib. Federasiya bu istiqamətdə, xüsusilə də gənc nəslin maariflndirilməsinə böyük önəm verir.

AMADA da öz fəaliyyətini uğurla həyata keçirir. Qurumun anti-dopinq proqramının idarəetməsi və təşviqatı, idmançıların maarifləndirilməsi istiqamətində gördüyü işlər ürəkaçandır.

AAAF bu kimi seminarların vacibliyini anlayır və mütəmadi təşkilini də təmin edəcək.

SHARE