Ağır atletlərimizin növbəti toplanışı İsmayıllıda

Ağır atletika üzrə həm kişilər, həm də qadınlardan ibarət yığma komanda fasiləsiz təlim-məşq toplanışlarını davam etdirir. Bu dəfə yığma üzvləri İsmayıllı Olimpiya İdman Kompleksində bir araya gəlib. Komanda üzvləri hər gün olmaqla müxtəlif məşq tapşırıqlarını yerinə yetirirlər. Çəkiliş apardığımız müddət ərzində qadın yığma komandasının məşq prosesində yüksək əhval-ruhiyyənin şahidi olduq. Qadınlardan ibarət yığma komandanın baş məşqçisi Təranə Abbasovanın sözlərinə görə, yığma üzvlərinin təlim-məşq toplanışı yüksək səviyyədə davam edir, xanım atletlərin gündəlik məşqləri,istirahəti, qidalanma və qalmaları üçün hər bir şərait yaradılıb. O yeniyetmə ağır atletlərə inamının da böyük olduğunu dilə gətirərək gələcək Respublika və beynəlxalq əhəmiyyətli yarışlarda bu idmançılardan böyük nəticələr gözlədiyini də vurğuladı.

Yığma üzvü Selcan Qarayeva AAAF Tv-yə müsahibə verərək məşqlərinin uğurlu keçdiyini və növbəti yarışlarda medal qazanma şansının yüksək olduğunu dedi.

İsmayıllıda olarkən kişilərdən ibarət yığma komandanın da məşqini izlədik. Kollektiv üzvləri məşqçi müəllimlərin tapşırığı əsasında toplanışlarını həyata keçiriblər. Yığma komandanın baş məşqçisi Asi Məmmədov müsahibə zamanı yaradılan şəraitə görə AAAF –na və GİN-ə minnətdarlığını bildirdi.

Kişilərdən ibarət yığma üzləri AAAF Tv-yə müsahibə verərək toplanış zamanı heç bir çətinliklərinin olmadığını və məşqlərini yüksək səviyyədə davam etdirdiklərini bildirdilər.

İsmayıllı Olimpiya İdman Kompleksində davam edən toplanış qarşıda gələn Respublika birinciliyinə qədər davam edəcək.

SHARE