Ağır atletimiz Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında Azərbaycan Gənclər və İdman Nazirlyinin 2018-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq 2018-ci ildə Azərbaycan idmançılarının qazandıqları uğurlar, həmçinin ölkəmizdə təşkil olunan böyük yarışlar, digər idman nailiyyətlərimiz barədə geniş məlumat verilən videoçarx nümayiş etdirilib. Videoçarxda bu il yeniyetmə ağır atletlərimizin İtaliyanın Milan şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin komanda hesabında qızlarda 3-cü yer tutması, oğlanlarda isə yarışın qalibi olması, həmçinin Polşanın Novı Tomısl şəhərindəki gənclər arasında Avropa birinciliyində qazanılan medallar, digər beynəlxalq yarışlardakı ağır atletlərimizin qələbələri də qeyd olunub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Azərbaycanın bu il də müxtəlif beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların fərqli ölkələrdə təşkil edilən turnirlərdə fəxri kürsüyə yüksəldiklərini vurğulayıblar. Mərasimdə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulov da xüsusi qonaqlar sırasında olub. Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri təltif olunublar.

İki nominasiyada qalib adına ağır atletika idman növündən nümayəndələrimiz də layiq görülüblər.
İlin ən yaxşı hakimləri arasında ağır atletika mütəxəssisi Vahid Nəzərov də olub.

2018-ci ilin yekunlarına görə ilin ən yaxşı komandası adını Azərbaycan milli olimpiya komandası qazanıb. Həmin komandanın üzvləri arasında yeniyetmə ağır atlet Tarmenxan Babayev də yer alıb. O, bu il Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edərək gümüş medal əldə etdiyinə görə xüsusi mükafata layiq görülüb.

SHARE