Ağır atletika üzrə xatirə turniri başa çatdı

 

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnir keçirilib. Yarışların əvvəlcə açılış mərasimi baş tutub. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafının sürətlə davam etdiyini vurğulayıb.

 

Daha sonra mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov çıxış edib.

Mərhumun həyat yoldaşı Nəsibə Şahbazova da açılış zamanı danışıb. O, yarışda iştiraklarına görə idmançılara təşəkkür edib, Fəxrəddin Şahbazovun ailəsi adından onu hər dəfə yad etdiklərinə, belə yarışlar təşkil etdiklərinə görə təşkilatçılara çox sağ olunu bildirib.Sonda Milli Qəhrəmanın nəvəsi, babasının adını daşıyan Fəxrəddin “mən Fəxrəddin Şahbazovun nəvəsi olmağımla fəxr edir, onun üçün darıxıram” deyərək, zala toplaşanların alqışını qazanıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə yarış açıq elan edilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak ediblər.

 

Yarış zamanı ilk pillənin sahibi olan bir neçə ağır atlet qələbə sevinclərini AAAF TV ilə bölüşüblər.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

 

SHARE