Ağır atletika üzrə Respublika turniri başa çatıb

AAAF Park Yaşayış Kompleksinin yarış zalında əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib. Yarışda qadınlar və kişilərdən ibarət yığma komandaların əsas üzvləri, həmçinin veteran atletlər iştirak ediblər. Əvvəlcə isə yarışların açılış mərasimi keçirilib. İlk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayılov İsmayılov giriş sözü ilə çıxış edib. Natiq idmançılar, mərhumun ailə üzvləri, həmçinin digər qonaqları salamlayaraq Hacıbaba Əskərovun ölkə ağır atletikasının inkişafındakı böyük rolundan söz açıb. İsmayılov İsmayılov daha sonra ölkəmizin 2017-ci ildə əldə etdiyi idman uğurları, təşkil olunan yerli və beynəlxalq yarışlar barədə məlumat verib, dövlətimiz tərəfindən uğurla həyata keçirilən idman siyasəti haqda danışıb. Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova da çıxış edərək yarışın təşkilatçılarına təşəkkürünü bildirib.

Sonda söz Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova verilib.

Çıxışlardan sonra AAAF tərəfindən xüsusi plaketlər təqdim olunub. Hacıbaba Əskərovun qızı Gülarə Nərimanova, zədəli ağır atlet Rüstəm İmanzadə, veteran atlet və ağır atletika mütəxəssisləri Vahid Nəzərov, Yuri Ryabov, Akif Alıyev və Azad Mustafayev, ağır atletika yarışlarının işqlandırılmasında əməyinə görə “İdman Azərbaycan” kanalı və “AAAF Media”, həmçinin ustad ağır atletlərdən ibarət yığma komandamızın baş məşqçisi Oktay Muxtarov bu xatirə hədiyyələrinə layiq görülüblər.

Qeyd edək ki, yarışda qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib, mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

 

SHARE