Ağır atletika üzrə Misir yığması AAAF Parkda təlim-məşq toplanışını başa vurdu

 

AAAF Park artıq bir neçə ağır atletika üzrə yığma komandaların təlim-məşq bazasına çevrilib. Bu dəfə Misir yığma komandası geniş heyətlə – 30-a yaxın məşqçi və idmançı ilə birlikdə 3 həftə ərzində mərkəzimizdə toplanış keçirib. Qonaq komandanın məşq prosesləri olduqca uğurlu olub. Onlara Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən də hər bir dəstək göstərilib. Belə ki, yığma üzvləri üçün AAAF Parkda rahat qidalanma, qalma, gəzinti və bu kimi geniş imkanlar yaradılıb. Misir Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Məhcub məşqlərin birində AAAF TV-ə müsahibə verərək təlim-məşq toplanışlarının yüksək səviyyədə keçdiyini, onlar üçün hər bir şəraitin yaradıldığını qeyd edərək AAAF Park Yaşayış Kompleksini füsunkar, bənzəri olmayan məkan kimi xarakterizə edib.

“Biz ötən il IV İslam Həmrəyliyi Oyunları zamanı da Bakıda olmuşduq. Bu dəfəki topanışımız isə 3 həftə davam etdi və təxminən 30-a yaxın heyətlə məşqlərimizi etdik. Burada hər şey çox yaxıdır – təşkilatçılıq, qidalanma və qalma. İnsanlar da çox qonaqpərvərdir. Toplanış zamanı heç bir çətinliyimiz olmadı, hər şey yüksək səviyyədə təşkil edilib.  AAAF Park Yaşayış Kompleksi də möhtəşəm məkandır. Bura təkcə idman deyil, yaşamaq üçün də gözəl yerdir. Toplanış zamanı parkı xeyli gəzmək imkanımız də oldu, həm də yaxşı vaxt keçirdik və istirahət də etdik. Parkda yeni açılan Spa mərkəzi də füsunkardır. Havası isə çox təmizdir, nə çox istidir, nə də çox soyuq”.

Azərbaycan Ağır Atletika Federasiyası ilə Misir Ağır Atletika Federasiyası arasında aparılan qarşılıqlı müzakirələrdən sonra qərara alınıb ki, gələcəkdə hər iki ölkənin yığma komandalarının həm Misirdə, həm də digər xarici ölkələrin birində birgə təlim-məşq prosesi keçirilsin.

Məlumat üçün bildirək ki, Misir yığma komandasından öncə ağır atletika üzrə Səudiyyə Ərəbistanı millisi də 3 həftəlik toplanışını məhz AAAF Parkda reallaşdırıb. Misir kollektivindən sonra daha bir neçə ərəb regionu ölkələrinin yığma komandalarının da AAAF Parkda məşq keçməsi planlaşdırılır.

 

SHARE