Ağır atletika üzrə Azərbaycan Kuboku keçirildi

10-13 noyabr tarixlərində Şimal Dres qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan Kuboku keçirilib. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edib.

Yarışda qadınlar mütləq dərəcələr, kişilər isə yeniyetmə, gənc və böyüklər olmaqla 10 çəki dərəcəsində mübarizə aparıblar. Kubok yüksək təşkilatçılıq səviyyəsində keçirilib. Beynəlxalq yarışlardakı kimi şəraitlə təmin olunan atletlər maksimum güclərini ortaya qoymağı bacarıblar. Respublika yarışlarının qalibləri, dünya və Avropa birincilik və çempionatlarının qalib və mükafataçılarının iştirak etdiyi turnir çox maraqlı və gərgin mübarizə şəraitində keçib. Bəzi çəkilərdə 1 kq, bəzilərində isə hətta şəxsi çəkinin azacıq fərqi medal qazanmağa kömək edib. Bütün medalçılara Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən medal, diplom, kubok və beynəlxalq yarışlarda qələbə səviyyəsində pul mükafatı təqdim edilib, onların stimullaşdırılması üçün böyük addımlar atılıb.

Azərbaycan Kubokunun keçirilməsində əsas məqsəd qüvvələr nisbətinə baxış, milli komandanın heyətinin formalaşdırılması, beynəlxalq yarışlarda iştirak edəcək atletlərin müəyyən edilməsi, potensialı olan istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasıdır. Yarışın bütün nəticələri ilə aşağıdakı bölmədən və ya keçiddən tanış ola bilərsiniz:

Ağır Atletika Kuboku 2016: nəticələrini yükləyin

agir-atletika-kuboku-2016-n%c9%99tic%c9%99l%c9%99r
SHARE