Açılış mərasimi keçirildi

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatının rəsmi açılış mərasimi keçirilib. İlk olaraq çəkisi 69 kq olan atletlər körpücük üzərinə dəvət olunub. Onların iştirakı ilə start götürən mərasimdə Azərbaycan Gənclər və İdman Nazirinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti İsmayıl İsmayılov çıxış edib.

O, qeyd edib ki, ölkəmizdə bütün idman növləri olduğu kimi, ağır atletika da inkişaf etməkdədir: “Yarış iştirakçılarını salamlayır, hər birinizə uğurlar arzulayıram. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan idmanı inkiaş etməkdə davam edir. Ölkəmizin ən ucqar nöqtələrində də yarışlar təşkil olunur, uğurlu siyasət davam etdirilir. İl ərzində 50-dən çox beynəlxalq yarışa ev sahibliyi etməyimiz görülən işlərin düzgünlüyündən irəli gəlir. Avropa Oyunlarının ilkinin Bakıda, özü də yüksək səviyyədə keçirilməsi qürurverci olay idi. İdmançılarımız da etimadı doğruldurlar. 2015-ci il müxtəlif yarışlardan gətirilən 823 medal bunu təsdiqləyir. Mərhum prezident Heydər Əliyev demişdi ki, yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumağın ən yaxşı yolu idmandır. Ağır atletikamız da inkişafdadır. Bu növ, Azərbaycanda ən populyar növlərdəndir. Bir çox Avropa və dünya birincliik və çempionatlarının qaliblərimiz yetişib, yetişməkdədir. İndi iştirak etdiyimiz Azərbaycan çempionatı da belə yeni istedadların üzə çıxarılması, onların inkişafında əhəmiyyətli rol oynayır. Hər kəsə bir daha uğurlar arzulayır, “Qoy güclü qalib gəlsin” deyirəm”

Daha sonra yarışların direktoru, AAAF-ın baş katibi Yavər Hacıyev çempionatı açıq elan edib.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Yarışlar çəkisi 69 kq-a qədər olan atletlərin mübarizəsi ilə davam edib.

SHARE