“AAAF Parkı övladımla gəzdim, çox böyük həzz aldıq”

AAAF Parkın “Məşhurlar AAAF Parkda” rubrikasının növbəti qonağı tanınmış aranjimançı, bəstəkar və müğənni Cavid Rəcəbov oldu. İlk növbədə qeyd edək ki, Cavid Rəcəbov tanınmış müğənni Cavad Rəcəbovun oğludur və onunla birlikdə AAAF Parka gəlmişdi.

– Cavid bəy, sizi AAAF Parkda görməyimizə şad olduq. Heç bura gəlmişdinizmi?

– Mən avqust ayında AAAF Park haqqında eşitdim və eşidən kimi də gəldim, burada eşitdiyimdən də çox şey gördüm. 1 saatdan çox piyada gəzib, parkı ziyarət etdim. Buradakı sakitçilik yaradıcı insanlara lazımdır. Mənzərəsi çox gözəldir, hər addımda insan ürəyindən keçən nə varsa, qarşısında görür. AAAF Parkı övladımla gəzdim, çox böyük həzz aldıq. Bura gələndə sanki öz evimizə gəlmişik təəssüratı yarandı.

– Bilirsiniz ki, AAAF Park həm də idmançılar üçün açıq məkandır. Bura təkcə yaşayış kompleksi yox, həm də sağlamlığın təminatıdır. Buraya gələndə idman zallarında olmuşdunuzmu?

– Açığını desəm, idmana çox böyük həvəsim olmayıb. Lakin idmançı dostlarım çoxdur. Elə burada da çoxunu gördüm, həvəsim artdı. Fitneslə məşğul olmaq istərdim.

– İndi də sizi yaxından tanıyaq. Cavid Rəcəbov bu sənətə necə gəlib?

– (Atası müdaxilə edir: “Musiqiçi ailəsi olduğumuz üçün Cavid ana bətnindən səs-küyə öyrəşib. O, musiqi ilə yoğrulub. Azərbaycanda ilk studio bizim evdə olub. Cavid qeyri-adi istedada malik olan bir insandır. O 5 yaşından ifa edir. Bizim birlikdə çox böyük layihələrimiz var”).

Hamı məni atam Cavad Rəcəbovun yanında görüb. Atamın öz üzərində işləməsi məni bu sənətdə püxtələşdirib. Hələ uşaq yaşlarımdan atamın ansamblı ilə keçirdiyi məşqlərə baxardım (atası yenidən müdaxilə edir: “Hələ yazıb-pozmağı bacarmayan uşaq üçün 4 musiqi müəllimi tutmuşdum. Mən bünövrə verdim Cavid Rəcəbova”). Savadı mənə musiqi müəllimləri verib, lakin bünövrə mənə Cavad Rəcəbovdandır. Təbii ki, həm də Allahın qisməti ilə… Böyük firqələr Allahındır.

– Cavid Rəcəbovun atasının qazandığı uğurlarına və səviyyəsinə çatmağı üçün nələr lazımdır?

– Mən müğənnilikdən əlavə, aranjimançı və bəstəkaram. Lakin mənim bu bacarığım pərdə arxasında qalırdı, tanınmırdı. 9 avqust 1993-cü il tarixindən atamla bərabər toylara getmişəm. İfaçı səhnədən, toylardan sevilir. Atam mənim üçün o illərdə piano, daha sonra sintezator və daha böyük musiqi aləti  alırdı. Texnikanınn ən yaxşısını ilk dəfə Azərbaycana Cavad Rəcəbov gətirib. Atam populyar idi, məni də tanıtdı. İlk öncə sənətə instrumental çıxışlarımla başladım, püxtələşdim. “Səbuhi studiosu”nda studio rejimini ortaya çıxartmağa başladım. Və bu zaman müğənnilər gördülər ki, mənim vasitəmlə çox tanına bilərlər. 95% populyar müğənnilər mənim köməkliyimlə, ifa tərzimlə, müğənnini oxutdurmağımla populyarlaşdı. Toy müğənnisi ayrıdır, studiyada iş ortaya çıxartmaq isə ayrı. Müğənnilər 6 nəfərin işini tək mənə gördürür, amma efirdə adımı çəkmir. Bu da adama pis təsir edir. Ona görə də oxumağa,  tanınmağa qərar verdim və ifaçılıqla da tanındım. Aranjimançılıqla yanaşı, bəstələkarlıq və səs rejissorluğu da edirəm.

– Əksər müğənnilərin işlərinin keyfiyyətli hazırlanmasında rolun var. Hansı müğənnilərin hit mahnılarının ərsəyə gəlməsində çalışmısan, amma sənin adın çəkilməyib?

– Ümumiyyətlə, əməkdaşlıq etdiyim insanlardan musiqili meyxanaçılar da var. Elza Seyidcahanın “Həsrət nəğməsi”, Ramalın “Həsrət nəğməsi”, “Yalan deyil” mahnıları, Ramalın “Hisslər ağlasın”, Elza Seyidcahanın “Hissər ağlasın” mahnısı, Natavan və Eltonun “Dənizin nəğməsi” dueti, ayrıca Eltonun “Nakam sevgi”, “Ağlama”, “Mənə bax”, Röyanın “Ya Allahım”, “Sən və mən”, “Qısqanıram” mahnıları mənim aranjimanlarımdır. Bununla yanaşı, Eltonun “Zəng elə”, Sevda Yəhyayevanın “Bir addım”, Brilliant Dadaşovanın  “Paris-London”, Emil Bədəlovun “Bakı gecələri”, “Mavi xəzər” mahnıları mənim həm bəstəm, həm də aranjimanımdır. Biz həmişə əl tuturuq. Müğənnilər aranjimançının, bəstəkarın, səs rejissorunun varlığı ilə bu qədər hörmət və publika qazanır, lakin ad çəkmirlər. Mənim çox gözəl layihələrim var. “5/5” proqramında “Sənsiz ağlaram” mahnısını oxudum və bütün Respublika baxdı. Çox sevgi qazandım. (Həmin mahnını ondan zümzümə etməsini xahiş edirik, sözümüzü yerə salmır).

Müsahibə aldılar: Rüfət Nadirli, Elnarə Hüseynova

SHARE