AAAF Parkdan yeni layihə – “ Məşhurlar AAAF Parkda”

Mahmud Qurbanov Kompleksimizi çox bəyəndi

Futbol üzrə 11 qat Azərbaycan çempionu, milli komandanın məşqçisi, futbol mütəxəssisi Mahmud Qurbanov AAAF Parkın qonağı oldu.

– Layihənin ilk qonağı siz oldunuz. Nə təəssüratlarınız var?

– Sizə sağ ol deyirəm ki, dəvət etdiniz. Burada dəfələrlə olmuşam, hər dəfə gələndə daha bir yeniliyə şahidlik edirəm. Burada yaşamaq üçün hər cür şərait var. Yadıma gəlir ki, sonuncu dəfə 6 ay bundan əvvəl dostumla AAAF Park-a gəlmişdim və buranın şəraiti məni heyrətləndirmişdi. Hətta dostum buradan həmin gün ev də aldı. Məncə, hər kəs burada evinin olmasını istəyər. Mən də evlərin tikintisinə baxıram, zövqlə işləyirlər. Qərara gəlmişəm ki, buradan da ev alım. Dostum da alıb, çox razıdır, indi mən də öz gözlərimlə görürəm, başqa sözə ehtiyac yoxdur. İnşallah, mən də yaxınlarda AAAF Parkın sakini olaram.

– İlk öncə sizi ətraflı tanıyaq. Mahmud  Qurbanov kimdir?

– Futbola kiçik yaşlarımdan Gəncədən başlamışam. 1990-ci ildə SSRİ çempionatında “Kəpəz” 2-ci dəstədə oynayırdı. Baş məşqçi  Əhməd Ələsgərov idi. O məni dəvət etdi və əsas komandada şans verdi.  SSRİ çempionatında 12 oyun keçirmişəm. Əvvəllər ehtiyatda otururdum, çox oyunlarda 15-20 dəqiqə medyanda olurdum. 1992-ci ildə müstəqillik qazanandan sonra öz çempionatımızda iştirak etdim (1992-2011-ci illər). Məşqçi karyerama isə “Tərəqqi”də başladım, ardınca “Kəpəz”də davam etdirdim. Uğursuz oldu, ancaq sonra yığma komandanın məşqçisi, daha sonra isə bir oyunda baş məşqçinin əvəzləyicisi kimi çalışdım. Hazırda baş məşqçinin yığma komandadakı köməkçisiyəm.

– O vaxtla müqayisədə indiki futbol müqayisədə necə görünür?

– Hər zamanın öz futbolu olur. Müqayisə etdikdə – o vaxt meydançalar, şərait və maddi durum pis idi, amma çox peşəkar futbolçular vardı. İndi hər cür şərait yaradılıb, amma müqayisədə o vaxt daha peşəkar futbolçular olub.

– Futbolun indiki durumundan razısız?

– Bundan uzun-uzadı danışmaq olar. İndi böyük təbliğat gedir. Dövlət tərəfindən futbola qayğı göstərilir, hər cür şərait yaradılıb. Bu baxımdan razıyıq ki, belə bir şərait var. Futbolçu futbolla məşğul olmalıdır, başqa problemlərlə yox. Məşqçi kimi deyə bilərəm ki, xarici klublarda futbolçularımız çox azdır. İstərdim ki,  ölkədən kənarda daha çox təmsilçimiz olsun. Bu, Azərbaycan futbolu üçün çox xeyirli olardı.

– 2014-cü il Azərbaycan millisi üçün heç də uğurlu olmadı. Sabiq baş məşqçi Berti Foqtsun edə bilmədiklərini Prosineçki edə bilərmi?

– Onun haqda danışmaq çox tezdir. Təzə gəlib və oyunlarımız da olmayıb. Onunla AFFA-da görüşürük. Bu adam özünü məşqçi kimi Azərbaycanda sınamaq və sübut etmək niyyətindədir. Fikirlərindən də görünür ki, yaxın 2-3 il ərzində yığmada yaxşı bir komanda yaratmaq istəyir.

– Ağır atletika, boks, güləş və bu kimi fərdi idman növlərində xeyli uğur qazanırıq və dünya reytinqində də ön pillələrdə qərarlaşırıq. Lakin bu amili kollektiv oyun olan futbola aid etmək olmaz. Sizcə, bu nə ilə əlaqədardır?

– İndiki vaxtda səbəbini demək, çətindir. Düzdür, fərdi idman növlərimizdə nailiyyətlərimiz çoxdur, nəinki futbolda. Düşünürəm ki, futbolda da, yəqin ki, yavas-yavaş düzələcək və düzəlməlidir.

– Hansı komandanın azarkeşisiniz?

– Mən ən çox Madrid “Real”ını bəyənirəm. Almaniya, İspaniya, Hollandiya yığmasının oyunlarına baxanda da adama ləzzət edir. Dünya çempionatında İspaniyaya azarkeşlik edirdim.

– İndiyə qədər hansı dünya çempionatını canlı izləmisiniz?

– Sözün düzü, heç birini. Ancaq televiziya vasitəsilə izləmək imkanım olub.

– Bir az da futboldan kənar söhbət edək. 2015- ci il yenicə ölkəmizə qədəm qoydu. Kimisi yeni ili xaricdə, kimisi də elə ölkəmizdə qarşıladı. Bəs siz yeni ili Yeni ili harada keçirdiniz?

– Yeni ili evdə, ailəmlə birlikdə qarşıladım. Əlavə edim ki, 2014–cü il işlədiyim sahədə karyera üçün uğurlu olmadı, hətta yığma komanda üçün heç də uğurlu alınmadı. Norveçlə axırıncı oyunda məğlub olduq, bu mənim üçün də heç də yaxşı nəticə sayılmamalıdır. Mən həmin görüşdə baş məşqçi əvəzləyicisi idim. 2015-ə ümidlə və nikbin baxırıq, 2014-cü ildəki səhvləri təkrarlamaq istəmirik. Yığmanın builki oyunlarında, İnşallah, yaxşı nəticə əldə edərik.

* Söhbət əsnasında Mahmud Qurbanov AAAF Parkı gəzmək istədiyini bildirdi. Parkı dolaşdıq, həmçinin səmimi söhbətimizi davam etdirdik. Bu anda qonağımızın diqqətini “Zirvə” liseyi çəkdi. O, belə bir məkanda liseyin olmasını müsbət amil kimi dəyərləndirdi və ardınca “Zirvə” uşaq bağçası, tibb mərkəzi və əyləncə məkanlarını görüb təqdirlə qarşıladı. Mahmud Qurbanov sözlərinə əlavə etdi ki, buraya gələn heç bir insan, darıxmaz. “Limuland” Əyləncə Mərkəzi isə qonağımızı çox heyrətləndirdi. O, bu tərəfə ilk dəfə gəldiyini vurğuladı: “Mən söhbətimin əvvəlində demişdim ki, AAAF Parkda olmuşam, amma bu tərəfə gəlməmişdim. Çox möhtəşəmdir. Əsasən də diqqətimi futbol və buz meydançası çəkdi. Həm də buranın görünüşü çox füsunkar şəkildə işlənib. İdmançılar üçün təlim-məşq bazasının olması da yaxşı haldır”.

– Bilirik ki, işləriniz çox olur, bəzən insan çox iş ucbatından özünə və ailəsinə vaxt tapa bilmir. Bəs Mahmud Qurbanov azca da olsa, tapdığı boş vaxtını harada və necə keçirir?

– Boş vaxtlarımı evdə, ailəmlə keçirirəm. Futbolla bağlı olan məlumatları internet və televiziyada izləyirəm.

– Xarici ölkələrdə çox olmusunuz. “Gəzməyə qərib ölkə ölməyə vətən yaxşı” deyimi ilə razısınızmı?

– Həm futbolçu, həm də məşqçi kimi çox ölkədə olmuşam. Ancaq hər dəfə xaricə getdiyimdə vətən üçün çox darıxmışam.

– Söhbətimizin sonuna gəldik. Maraqlı müsahibə üçün təşəkkür edirik. Son fikirlərinizi eşidək.

– Sizin üçün 2015-ci ilin uğurlu və düşərli olmasını arzulayıram, oxucularınız çox olsun. Və inanıram ki, gələn dəfə buraya gələndə daha çox  yeniliklərin şahidi olacam. Bu, AAAF Park Yaşayış Kompleksi həqiqətən də, adama müsbət enerji və rahatlıq verir. Sağ olun ki, dəvət etdiniz.

Müsahibə götürdülər: Rüfət Nadirli, Elnarə Hüseynova

SHARE