Ötən həftə Ermənistan Silahlı Qüvvələri Azərbaycana qarşı təxribat məqsədli hücumlar həyata keçirib və qarşı tərəfə layiqincə cavab verilib. Üç gün ərzində cəbhədə gedən intensiv döyüşlər aprelin 5-də atəşkəslə nəticələnib. Döyüşlər zamanı igid döyüşçülərimiz hərbi strateji cəhətdən əhəmiyyətli bir neçə yüksəklik və yaşayış məntəqələrini düşmən işğalından azad edib. Döyüşlər zamanı əldə etdiyimiz uğurlar şəhidlərimizin qanı bahasına başa gəlib.
Belə bir məqamda bütün Azərbaycan xalqı ayağa qalxaraq cəbhəyə dəstək verdi, şəhidlərimiz alqış və himn sədaları altında xalqın müşayiəti ilə son mənzilə yola salındı. Bölgələrdə və Bakının bir çox yerində cəbhəyə və Azərbaycan ordusuna dəstək aksiyaları keçirildi.
AAAF Parkda da Yaşayış Kompleksi boyunca hər yerə “İgid əsgər möhkəm dayan”, “Şəhid qanı yerdə qalmaz”, “Yaşasın, Azərbaycan ordusu” və bunun kimi bir çox vətənpərvərlik ruhunda şüarları olan plakatlar asılıb. Eyni zamanda, kompleks daxilində quraşdırılmış monitorlarda gün ərzində vətənpərvərlik mövzusunda videoroliklər nümayiş olunur.
Daha bir dəstək isə “Zirvə” liseyinin şagirdlərindən gəldi. Onlar əllərində şüarlar yazılmış lövhələr və bayraqlarla AAAF Parkın girişindən çıxışına qədər bütün kompleks boyunca “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə irəlilədilər. Yürüşün gedişatında iştirakçılar özlərinin hazırladıqları vətənə, millətə, şəhidlərə həsr olunmuş şeirlər də səsləndirdilər.
Qeyd edək ki, “Zirvə” liseyinin altmışdan çox şagird və müəllim heyəti yürüşdə iştirak edib. Yürüş vətənpərvərlik ruhunda böyüyən gələcək nəslin milli şüura, milli düşüncüyə verdiyi böyük önəmin məhsuludur.