AAAF Parkdan məlum problemlərlə bağlı açıqlama

AAAF Park Yaşayış Kompleksində elektrik enerjisinin verilməsində yaranan fasilələrin səbəbi əslində Xırdalan şəhərinin ümumilikdə içində olduğu enerji böhranıdır. Heç kimə sirr deyil ki, Xırdalan şəhəri günü-gündən böyüyür və həm elektrik enerjisi, həm də digər kommunal-məişət xidmətlərinə olan tələbatı artır. Hazırkı durumda isə qeyd etdiyimiz istiqamətdə bu tələbatın ödənilməsi baxımından ciddi irəliləyiş yoxdur.

Konkret AAAF Park Yaşayış Kompleksindəki kommunal problemlər, daha dəqiq desək, qovşaqlarda və paylayıcılarda yaşanan qəzalar elektrik enerjisinin ümumi olaraq kompleksə normadan zəif gərginliklə daxil olması, tələbat və istehlakın isə mövsümlə əlaqədar olaraq normadan artıq olması səbəbindən baş verir. Bu da nəticədə yaşayış massivinin müəyyən hissələrində elektrik enerjisi təminatında fasilələrə gətirib çıxarır.

Ancaq əməkdaşlarımızın çevik müdaxiləsi və görülən tədbirlər nəticəsində bu fasilələr ən qısa zamanda aradan qaldırılır.

Həmçinin bir problemi də vurğulamaq yerinə düşər ki, AAAF Park Yaşayış Kompleksi elektrik enerjisi və digər xidmətlərlə bağlı hüquqların aidiyyatı qurumlara ötürülməsi istiqamətində də intensiv işlər görür, tədbirlər həyata keçirir. Bu zaman sakinlərin böyük qisminin laqeydliyi, həmçinin lazımi müqavilə əsaslı, öhdəlikli ödənişlərdən boyun qaçırmaları vəziyyəti daha da gərginləşdirir və nəzərdə tutulan işləri gecikdirir. Bu da sonda yenə də sakinlərin özlərinin məlum xidmətlərdən məhrum olmalarına gətirib çıxarır.

Öncəki illərdə dəfələrlə AAAF Park rəhbərliyi sakinlərin borclarını şirkətin daxili imkanları hesabına silib, sakinlərdən toplanaraq edilməli olan ödənişləri aidiyyatı qurumlara özü edib. Hazırda maddi sıxıntılar səbəbindən bunu yenidən etmək artıq qeyri-mümkündür və Kompleks vəziyyətin normallaşması üçün sakinlərinin müqavilə öhdəliklərindən irəli gələn ödənişlərini etmələrini tələb edir. Bu zaman isə müəyyən narazılıqlar, etirazlar ortaya çıxır.

Sakinlərə tövsiyə edirik ki, məlum problemlərin aradan qalxması üçün əsassız aksiyalar keçirməkdənsə, odənişlərini etsinlər və öz problemlərinin həllində yaxından iştirak etsinlər.

AAAF Park Yaşayış Kompleksi

SHARE