“AAAF Park”dan böyük jest: milli qəhrəmanın ailəsinə mənzil hədiyyə edildi!

Noyabrın 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Milli qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Bakı şəhər XIV açıq turniri keçirilib. 50-dən çox gənc atletin qatıldığı turnir maraqlı mübarizə şəraiti ilə yadda qalıb. Ağırlıqqaldıranlar 56, 62, 69, 77, 85, 94, 105 və 105+ kq çəki dərəcələrində qüvvələrini sınayıblar.

Fəxri kürsüdə yer alan idmançılara medal, diplom, kubok və xatirə hədiyyələri təqdim olunub. Yarış “Zirvə” Beynəlxalq İdman Klubunun böyük dəstəyi ilə keçirilib. Həm yarış zalı, həm foto və videoçəkiliş, nəqliyyat, səhnənin tərtibatı və bir çox digər vacib addımlar məhz bizim klub tərəfindən atılıb. Turnirdə klubumuzun prezidenti, SSRİ İdman Ustası, beynəlxalq dərəcəli hakim Tofiq Heydərov da təşrif buyurub.
Yarışın əsas məqamı isə mərhum Milli qəhrəman Fəxrəddin Şahbazovun həyat yoldaşı Nəsibə xanıma mənzil hədiyyə edilməsi olub. “Zirvə” İdman Klubunun prezidenti və “AAAF Park”ın qurucusu Tofiq Heydərov qəhrəmanın ailəsinə AAAF Park Yaşayış Kompleksində ev verilməsi sərəncamını verib. 69 kq çəki dərəcəsində yarışan idmançıların təltifatı zamanı Nəsibə Şahbazova və Fəxrəddin Şahbazovun qardaşı nəvəsi, milli qəhrəmanın adını daşıyan balaca Fəxrəddin səhnəyə dəvət edilib. AAAF Park Yaşayış Kompleksi və “AAAF-İnşaat” MMC adından “AAAF-İnşaat MMC”-nin direktor müavini Ruslan Xanverdiyev mənzil sertifikatını Nəsibə xanıma təqdim edib. Bu böyük sürpriz davamlı alqışlara qarşılanıb, böyük rəğbətə səbəb olub.
Təqdimatdan sonra hisslərini bizimlə bölüşən Nəsibə xanım Şahbazovanın sevincli olduğu sezilirdi: “Mən bunu gözləmirdim. Bizə böyük dəstək nümunəsidir. “AAAF-İnşaat” şirkətinin və “Zirvə” İdman Klubunun rəhbərliyinə, xüsusilə onun prezidenti Tofiq Heydərova mənə mənzil bağışladığına görə böyük, dərin minnətdarlığımı bildirirəm. Bu ev nəvəmiz Fəxrəddinin gələcəyi üçün böyük əhəmiyyət daşıyacaq. Azərbaycanda ağır atletikaya, hazırda çıxış edən, vaxtilə çıxış etmiş bütün ağır atletlərə böyük qayğı göstərən, diqqətini əsirgəməyən Tofiq müəllimin bu hədiyyəsini heç vaxt unutmayacam. Bir daha təşəkkür edirəm. Çox sağ olun”.

fs-sekil-1
Fəxrəddin Şahbazov – milli qəhrəman, televiziya işçisi və ağır atlet

Fəxrəddin İbrahim oğlu Şahbazov 1950-ci il yanvarın 22-də Bakıda anadan olub. Ailədə üç qardaş (Şəmsəddin, Nürəddin və Fəxrəddin) və bir bacı (Dilşad) olublar. Fəxrəddin Yasamal rayonu 20 saylı orta məktəbi bitirib (1957-1967) və hazırda orada onun xatirə lövhəsi vardır. 1964-cü ildən əmək fəaliyyətinə başlayan Şahbazov, 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1971-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. O, dəfələrlə Qarabağ regionunda, döyüşlərdə çəkiliş aparan qrupun tərkibində olub.

1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər, qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. O, dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər. Dinc sakinlər qətlə yetirilmiş, kəndlər yandırılmışdı. 20 noyabr 1991-ci il dövlət nümayəndələri və başqa bir neçə adam hadisəni araşdırmaq üçün Mİ-8 vertolyotu ilə Xocavənd rayonuna yola düşdülər.

Qarakənd kəndi yaxınlığında ermənilər vertolyotu iri çaplı pulemyotlardan atəşə ututdular. Vertolyot yerə düşərək parçalandı bütün heyət həlak oldu, şəhidlərin arasında Şahbazov Fəxrəddin də var idi. Ermənilər onların cəsədlərini təhqir etməkdən belə çəkinmədilər.

Azərbaycan Respublikası prezidentinin 4 dekabr 1992-ci il tarixli 344 saylı fərmanı ilə Şahbazov Fəxrəddin İbrahim oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. İki qızı var: Əminə (öz anasının adını qoyub) və Səbinə.

Şahbazovun qızı Əminə xanım onun yolunu davam etdirir və hazırda AZTV-də işləyir. Onun oğlunun adı milli qəhrəmanımızın xatirəsi üçün Fəxrəddin qoyulub.

Fəxrəddin Şahbazov və onun qardaşları ən kiçik yaşlardan başlayaraq ağır atletika ilə məşğul olmağa başlayıblar. AZTV Qapalı Səhmdar Cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, ahbazovlar ailəsinin yaxın dostlu olan Mübariz Süleymanlı qeyd edir ki, onlardan Fəxrəddin daha yaxşı nəticələr qazana bilib. Onun sözlərinə görə, Şahbazov dəfələrlə Azərbaycan çempionu və medalçısı adını qazanıb, yarışlarda böyük uğurla çıxış edib. 69 kq çəki dərəcəsində mübarizə aparan mərhum idmançı, rəqibləri tərəfindən çox güclü biri kimi qəbul edilib. “Dinamo” İdman Cəmiyyətinin yetirməsi olan Şahbazov, SSRİ İdman ustası Elbrus Qafarovun və Əməkdar bədən tərbiyəsi xadimi, dəfələrlə İttifaq çempionu olmuş Mirzə Hüseynovun tələbəsi olub. Belə güclü mütəxəssislərin rəhbərliyi altında məşq edən Fəxrəddin, özünü əzmkar, möhkəm iradəli, məsuliyyətli biri kimi nümayiş etdirə bilib.
Gənc ağır atletlər üçün nümunə olacaq bir həyat yaşayan milli qəhrəmanımızın xatirəsi həmişə tərəfimizdən yad olunacaqdır. Təsadüfi deyildir ki, onu xatirəsinə həsr olunmuş Bakı açıq çempionatı artıq uzun illərdir mütəmadi xarakter alıb və böyük maraqla izlənilir.

“Zirvə” Beynəlxalq İdman Klubu olaraq milli qəhrəmanımızın xatirəsini daima yad edəcək, həm onun ailəsinə, həm də onun adını daşıyan turnirə dəstəyimizi davam etdirəcəyik.

fs-sekil-3

SHARE