AAAF Parkda üzgüçülük kompleksi açıldı

Aprelin 8-də “İlhamla Zirvələrə” devizi altında müasir Üzgüçülük Kompleksi – “AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirilib. Tədbirə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər mötəbər qonaqlar qatılıblar. Mərasim böyük izdiham və maraqla qarşılanıb.

Üzgüçülük kompleksinin açılışı üçün qırmızı lent kəsilib. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı – Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verilib. Daha sonra qonaqlar Üzgüçülük Kompleksi ilə ətraflı tanış olublar.
Ən müasir standartlara uyğun Üzgüçülük Kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5 – 1,7 metr olan 6 sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Burada müştərilərə soyuq və isti içkilər təklif olunur.
Kompleksdə 3 sadə və 2 VIP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VIP otaq da xidmətə açıqdır.
Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitness mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.
Qonaqlar gördüklərindən razı qalaraq görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Tanışlıqdan sonra açılış mərasiminin rəsmi hissəsi başlayıb.
Burada AAAF Park Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov və “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana və biznesə yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Natiqlər bildirib ki, ölkəmizdə hökm sürən sabitlik böyük layihələrin həyata keçirilməsinə təkan verir, Cənab İlham Əliyevin şəxsi başçılığı ilə idmana göstərilən diqqət və qayğı isə Azərbaycanı işıqlı gələcəyə aparır.

Çıxış edən natiqlər 11 Aprel tarixində keçiriləcək prezident seçkilərində bütün AAAF Park sakinlərini və tədbir iştirakçılarını aktiv olmağa və ölkəmizin indiki layiqli prezidenti Cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əizmova da tədbirdə çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə ölkə rəhbərliyinə, “Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasına minnətdarlığını dilə gətirib.

Sonra mərasimin bədii hissəsinə keçilib. Azərbaycan Respublikasının Xalq Artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlar və sakinlərə xoş ovqat bəxş ediblər.

SHARE