AAAF Parkda şəhid Əli Ələkbərovun adına bulağın açılışı oldu

 

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə şərəf səhifəsi kimi yazıldı. Qəhrəman oğullarımız düşmən tapdağında olan torpaqlarımızın geri qaytarılması üçün düşünmədən sağlamlıqlarından, canlarından keçdilər. Qazanılan böyük qələbə əbədi olaraq xatırlanacaq, gələcək nəsillərə zəfər salnaməsi kimi təqdim ediləcəkdir.
Müharibədə qəhrəmancasına vuruşaraq şəhid olanların xatirəsinin əbədiləşdirilməsi isə bizim mənəvi borcumuzdur. Avqustun 16-da AAAF Park Yaşayış Kompleksində Suqovuşanın azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Suqovuşan azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülmüş qəhrəman Əli Ələkbər oğlu Ələkbərovun adına bulağın açılması da bu tədbirlərdən biridir.
Bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra bulağın açılışı edilib. Bu hüquq şəhidimizin övladları Əkbər və Nazlıya verilib. Daha sonra onlar şəhid ataları barədə şeirlər deyiblər. Ardınca bir çox digər şəxslər – Əli Ələkbərovu tanıyanlar, yaxınları, dostları, döyüş yoldaşları, digər ictimai şəxslər çıxış edərək həm şəhidimizin qəhrəmanlığını vəsf edib, həm də müharibədə əldə etdiyimiz qələbənin vacibliyi, tarixi əhəmiyyəti barədə danışıblar.

SHARE