AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə anti-dopinq seminarı keçirilib. Tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak ediblər. Seminarda idman ruhu, pozuntu növləri və sanksiyalar, hər zaman qadağan edilmiş maddələr, qadağan edilmiş üsullar, “nəyi mütləq bilməlisiniz” və digər bu kimi mövzular barədə danışılıb.
Tədbiri giriş sözü ilə AAAF-ın baş katibi Rizvan Rəsulov açıb. O, mütəmadi keçirilən seminarların əhəmiyyətini qeyd edib, federasiyanın dopinqlə mübarizə işinə böyük töhfə verdiyini bildirib.
Daha sonra AMADA-nın Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini Dr. Fərid Əliyev və təhsil və təlim üzrə menecer Lalə Hacıyeva çıxış edərək mövzu barədə ətraflı məlumatlar veriblər.
İlk öncə idman ruhu barədə danışılıb. Qeyd olunub ki, mənəviyyat, ədalətli oyun, düzgünlük, sağlamlıq, çıxışda mükəmməllik, xarakter və təhsil, əyləncə, komanda işi, həsr etmə və sadiqlik, qayda və qanunlara hörmət, özünə və digərlərinə hörmət, cəsarət, ictimailik və həmrəylik bu baxımdan əsas meyarlardır. Daha sonra qaydaların tətbiqi səbəbləri, onlara riayət edilməməsi halında mümkün olacaq cəzalar, gen dopinqi kimi qadağan edilmiş üsullar və digər məsələlər barədə danışılıb.
Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman heç bir xəbərdarlıq almadan dopinq testindən keçirilə bilər (həm yarışma müddətində, həm yarışmadan kənar müddətdə), idmançının bədənində aşkar edilən hər bir maddəyə görə idmançı məsuliyyəti yalnız özü daşıyır. Qaydalara əsasən idmançı anti-dopinq qaydalarına riayət etməli, anti-dopinq qayda pozuntuları səbəbindən idmandan kənarlaşdırılmış hər hansı bir şəxslə əməkdaşlıq etməməli, qadağan edilmiş maddələrin bədəninə daxil olmamasını və qadağan edilmiş üsulun istifadə olunmamasını təmin etməli, alınan müalicənin qadağan edilmiş maddələr və üsulların siyahısına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı, məkan məlumatını təmin etməli, “İynələrə yox” siyasətinə sadiq qalmalıdır.
Seminar həm də interaktiv şəkildə keçib. Dinləyiciləri maraqlandıran suallar da cavablandırılıb.
Seminarda AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir.
Bildirək ki, AAAF bu kimi seminarların vacibliyi anlayır və mütəmadi təşkilinin tərəfdarıdır.