AAAF Parkda möhtəşəm Novruz şənliyi keçirildi!

Milli-mənəvi dəyərlərimizin təcəssüm zirvəsi olan Novruz bayramı AAAF Park Yaşayış Kompleksində də möhtəşəm Novruz Şənliyi ilə qeyd olundu. Martın 19-da fontanın yanında baş tutan bu tədbir minlərlə sakin və qonağımızın sevincinə səbəb oldu.

Böyük bayram tədbirimiz ilk olaraq Pəhləvan və kəndirbazların çıxışı ilə başladı. Cəngi sədaları altında öz məharətlərini nümayiş etdirən bu bacarıqlı insanları izləmək üçün xeyli sayda tamaşaçı toplaşmışdı. Güc və çeviklik ətrafdakıları heyrətə gətirir, alqışlara səbəb olurdu. Xüsusilə uşaqların böyük marağını sezmək çətin deyildi.

Daha sonra Novruzun əsas atributlarından olan Kosa və Keçəl, həmçinin Bahar qızı səhnəyə gəldilər. Onların öz aralarında dialoqları, duzlu-məzəli söz atışmaları, çıxışları bayram ab-havasının formalaşması üçün əla imkan oldu. Müəyyən aralıqlarla mütəmadi səhnəyə çıxan bu personajlar “Kosanın arvadları” adlı yumoristik səhnəcik, həmçinin digər məzəli söhbətləri ilə diqqətləri özlərinə topladılar.

Konsertdə bir çox tanınmış, eyni zamanda gənc və perspektivli ifaçılar da çıxış etdilər. Rüfət Axundov, Arif İsmayıloğlunun rəhbərliyi altında muğam üçlüyü, Elvin Abdullayev, Hüseyn muğam üçlüyü, “Art Qrupu”, Rubail Əzimov, Nailə İmranqızı, Aynur Vəliyeva, Qurban Nəzərov, həmçinin meyxana ustaları Rəşad Dağlı və Pərviz Bülbülə tamaşaçılarınzövqünü oxşadılar.

Sonda “Arçelik” firmasının təqdim etdiyi müxtəlif hədiyyələr sual-cavab vasitəsilə qaliblərə təqdim olundu.
AAAF Park Yaşayış Kompleksinin bu bayram tədbirləri davamlı olacaq və sizlərin görüşünə yeni konsert proqramları ilə görüşünüzə gələcəkdir.

Bayramınız mübarək!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE