AAAF Parkda “Fitnə” sənədli filminin nümayişi keçirilib

Ötən həftə AAAF Parkda “Fitnə” sənədli filminin nümayişi baş tutub.

“Zirvə” restoranı ərazisində keçirilən təqdimat izləyici kütləsi tərəfindən maraqla qarşılanıb. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi fəvvarənin böyük ekranında iftar zamanı nümayiş olunub.

Qırx dəqiqə davam edən, maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkəmizdə tolerantlığın güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Filmin rejissoru Nadir Bədəlov AAAF TV-yə müsahibəsində layihənin məqsədinə diqqəti çəkib, faktlar əsasında çəkilmiş filmin gənclərin maarifləndirilməsində, xüsusilə müxtəlif radikal dini qrupların təsiri altına düşən şəxsləri bu yoldan çəkindirməkdə önəmini vurğulayıb.

Nümayişdə filmin rejissor heyəti ilə yanaşı, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak edib. Komitənin şöbə müdiri Əliheydər Zülfüqarov gənclərin radikal dini qrupların təsirindən qorumaqda təhsilin vacibliyini bildirib, belə layihələrin davamlı olacağını, bu mühüm mövzuda yeni filmlərin çəkiləcəyini də nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 2016 – cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Dövlət siyasətini dəstəkləyən “AAAF Holdiq” də bu istiqamətdə addımlar atır.

SHARE