AAAF Parkda “Fitnə” sənədli filmi nümayiş etdiriləcək

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib və müvafiq tədbirlərin görülməsi sərəncamını verib. Dövlət siyasətini dəstəkləyən “AAAF Holdinq” də bu istiqamətdə addımlarını atır.

Bu addımlardan biri çərçivəsində – iyunun 25-də AAAF Park Yaşayış Kompleksində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin nümayişi olacaq. Film “Zirvə” restoranının ərazisindəki fəvvarənin böyük ekranında, iftar zamanı nümayiş etdiriləcək.

Xüsusilə gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılması üçün faktlar əsasında çəkilən filmin önəmi çox böyükdür. Radikal dini qrupları, eləcə də bu qruplara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə, İslamın buyurduğu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür. Film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.

Maarifləndirici səciyyə daşıyan film milli-mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar.

Nümayiş zamanı filmin rejissoru Natiq Bədəlov, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov, həmçinin digər məsul şəxslər AAAF Parkın qonağı olacaqlar. Tədbir saat 20:30-da başlayacaq.
Hər kəsi bu filmi izləməyə dəvət edirik!

SHARE