AAAF Parkda beynəlxalq turnir başa çatdı

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Pauerliftinq, benç-press və dedlift üzrə beynəlxalq turnir keçirilib. Əvvəlcə yarışın açılış mərasimi baş tutub. Çıxış üçün ilk söz tanınmış idmançı, Olimpiya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurova verilib. O, Azərbaycanda idmanın inkişafının ən yüksək səviyyədə olduğunu bildirib. Fərid Mansurov çıxışı zamanı beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıb. Sonra söz Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 1-ci vitse-prezidenti, “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərova verilib.

Sonda Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev çıxış edib. İdmançılara uğurlar arzu edən Ələddin Əliyev Azərbaycan Pauerliftinq Federasiyasının Fəxri Prezidenti Sevil xanım Əliyevanın təbrikini diqqətə çatdırıb. Azərbaycan Respublikası Dövlət Himinin səslənməsi ilə yarış açıq elan edilib. Bildirək ki, İran, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycandan olan yüzdən çox idmançının qatıldığı bu yarış 3 gün davam edib. Tribunalarda yer alan çoxsaylı tamaşaçılar maraqlı və gərgin mübarizəyə şahidlik ediblər. Müxtəlif çəki dərəcələrində qalib gələn idmançılara diplom və medallar təqdim edilib.

SHARE