AAAF Parkda basketbol bayramı

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” davam edir. Yarışlarda 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacaq.

Mayın 17-də Kompleksin mərkəzi meydançasında yeniyetmə və gənc basketbolçuların xüsusi şou xarakterli oyunu keçirilib. Azərbaycanın 18 yaşa qədər yığma komandasının üzvləri, həmçinin Gürcüstan və Özbəkistandan glən qonaq basketbolçuların qatıldığı tədbirdə əvvəlcə ikitərəfli oyunlar keçirilib. Maraqlı görüş izləyən tamaşaçılar oyunçuların atışlarını, keçidlərini, təkbətək mübarizələrini alqışlarla müşayiət ediblər. Sonra 3 xallıq atışlar üzrə yarış başlayıb. 25 atışdan ən çoxunu dəqiq yerinə yetirənlər qalib elan ediliblər. Yarışı izləyənlr arasında Azərbaycan Basketbol Federasiyasının və AAAF Holdinqin rəhbər şəxsləri olub.

Bu oyun 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” çərçivəsində keçirilən basketbol yarışları çərçivəsində baş tutub. Oyunlarda 4 ölkədən 30-dan çox komanda iştirak edir. Basketbol yarışlarına mayın 19-nda yekun vurulacaq.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

SHARE