Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın (ZİSC) ilk böyük yarışı başlayıb. Yarış – “8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” adını daşıyır. Bu yarışda Polşa, Bolqarıstan, Türkiyə, Rusiya, Ukrayna, Moldova və Azərbaycandan yüzə yaxın idmançı və məşqçi iştirak edəcəkdir. Bütün bu idmançıları ZİSC-nin bu ölkələrdəki filiallarının nümayəndələridir.
Hər ölkədə öz bazası, kompleksi, məşq zalı, məşqçi və idmançı heyəti klubumuzun nümayəndələri ildə iki dəfə Azərbaycana gələrək yarışlarda iştirak edəcəklər. Bugündən etibarən iki gün ərzində – avqustun 18-19-da Kompleksimizin yeni, möhtəşəm yarış zalında bu turnir baş tutacaqdır.
Yarış 8 yaş qrupunda keçirilir. Bunlar 12, 15, 17, 20 yaşa qədər oğlanlar, kişilər, qadınlar, 15 yaşa qədər qızlar və veteranlar üzrə yaş qruplarıdır. Hər yaş qrupunda 12 idmançı iştirak edir. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdirilirlər. Qaliblər və medalçılara Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İdman Klubu tərəfindən pul mükafatı, fəxri diplom, medal, kubok və mənzil sertifikatları təqdim olunur.
Bütün iştirakçılara xatirə hədiyyələri, suvenirlər, günlük xərc pulu, AAAF Park Yaşayış Kompleksi daxilində bazarlıq etmək üçün pulsuz kuponlar verilir. Yarışın bütün iştirakçıları AAAF Park Yaşayış Kompleksində ən yüksək şəraitdə qalma, qidalanma, istirahətlə təmin edilirlər. Avqustun 20-də bütün qonaqlar üçün Bakı şəhər turu və xüsusi banket təşkil olunacaqdır.
Hamını bu maraqlı yarışı izləməyə dəvət edirik!