AAAF Parkda 28 May Bayram Konserti

Dünən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam oldu. Bu münasibətlə AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” resotranında Bayram Konserti düzənləndi.

Konsert zamanı ilk öncə şərəfli Cümhuriyyət tariximizə nəzər yetirildi, 23 ay yaşayan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətlər sadalandı. Həmçinin ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalaması, 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi diqqətə çatdırıldı. Daha sonra Bayram Konsertində səhnəyə Azərbaycanın xalq artisti Bilal Əliyev, populyar müğənnilər Aysel Əlizadə və Ramal İsrafilov çıxaraq bir-birindən rəngarəng ifalarını təqdim etdilər.

Onların həzin və ritmik ifaları konsertə toplaşan çoxsaylı AAAF Park sakinləri və qonaqlarımızın alqışları ilə qarşılandı. “Gənclik” rəqs qrupunun milli ruhda olan performansları isə tədbiri bir az da  gözəlləşdirdi. Bayram tədbirində sevilən müğənni Ramal İsrafilov AAAF TV kameralarının önünə keçərək hər kəsi Cümhuriyyət günü münasibəti ilə təbrik etdi, müsahibə zamanı AAAF Park Yaşayış Kompleksini bənzərsiz məkan adlandırdı.

Bildirək ki, AAAF Park Yaşayış Kompleksində bu tip konsertlər mütəmadi təşkil ediləcək.

SHARE