XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının yarası hamımız üçün hələ də təzədir. Bu faciə zamanı 613 nəfər həlak olub, 1275 nəfər əsir, ya girov götürülüb, bugünə qədər 155 nəfərin taleyindən heç bir məlumat yoxdur. Bu soyqırım Azərbaycan xalqına qarşı edilmiş ən böyük cinayətlərdən biridir və onun bütün dünyaya tanıdılması borcumuzdur. Bu istiqamətdə atılan addımlardan biri də AAAF Park Yaşayış Kompleksinin konfrans zalında “Xocalı soyqırımını dünyaya tanıdaq!” layihəsi çərçivəsində hazırlanacaq fləşmobun təqdimat mərasimi idi. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox mötəbər qonaqlar iştirak etdilər. Birliyin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı Şamil Sabiroğlu açdığı mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Xocalı şəhərindən məcburi köçkün Elman Məmmədov, Azərbaycan Dillər Universitetinin Professoru Məhəmməd Teymurlu, “Azərbaycan-İraq Mədəni Əlaqələr” ictimai birliyinin sədri Tahirə Məmmədova, “Xankəndi Məcburi Köçkünlərə Dəstək” ictimai birliyinin sədri Xatirə Vəliyeva, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Sumqayıt Veteranlar Təşkilatının üzvü Mirməhəmməd Əliyev və başqaları çıxış edərək soyqırımın tanıtımının vacibliyini vurğuladılar. Layihənin rəhbərlərindən Ramil Adioğluna XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu bildirdi və bu il fevralın 20-də Bakının Xətai rayonundakı “Ana harayı” abidəsinin qarşısında 2000 nəfər dinc sakinin iştirakı ilə fləşmobun lentə alınacağını qeyd etdi. O, bildirdi ki, layihənin uğurlu alınması üçün Ukraynadan peşəkar qrim ustaları, İran İslam Respublikasından isə çəkiliş qrupu Azərbaycana dəvət olunub. Daha sonra çıxış edən “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Hüquq şöbəsinin müdiri, Xocalıdan məcburi köçkün Ceyran Əzizova, məlum soyqırımın Azərbaycan xalqının namus, vicdan məsələsi olduğunu dedi. O, layihənin yüksək səviyyədə baş tutması üçün imkanlı şəxslərə, habelə, idarə və müəssisə rəhbərlərinə müraciət etdi. Natiq qeyd etdi ki, fləşmobun videoyazısı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş 15 xarici dilə tərcümə olunduqdan sonra dünyanın 100-dən çox ölkəsində, habelə, ölkəmizin tele-radio kanallarında, saytlarda və sosial şəbəkələrdə yayımlanacaqdır.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions