AAAF PARK SAKİNİ NİCAT RƏHİMOV OLİMPİYA ÇEMPİONU OLDU!

Braziliyanın Rio-De-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunları davam edir. Bu gecə ağır atletika üzrə yarışlarda “Zirvə” Beynəlxalq İdman Klubunun yetirməsi Nicat Rəhimov da qüvvəsini sınayıb. Qazaxıstan yığmasının şərəfini qoruyan atlet 77 kq çəki dərəcəsində mübarizə aparıb və fantastik nəticə göstərib. AAAF Park Yaşayış Kompleksinin sakini olan Nicat birdən qaldırma hərəkətində əvvəlcə 160 kq, sonra isə 165 kq-ı ram etdi. Üçüncü yanaşmasında sifariş verdiyi 168 kq-ı qaldıra bilməsə də, Rəhimov bu hərəkətdə Olimpiya üçüncüsü ola bildi.

Təkanla qaldırma hərəkətində həmişə daha yaxşı olan Nicat bu dəfə də möhtəşəm çıxış nümayiş etdirdi. İlk yanaşmasında 202 kq-ı ram edən həmyerlimiz, bu müsbət nəticə ilə həm bu hərəkətdə, həm də toplamda ən azı gümüş medalı təmin etdi. Sonra baş verənləri təsvir etmək isə mümkünsüzdür! Əsas rəqibi olan çinli atlet 202 kqı- qaldırdığına görə, Nicat çempion olmaq üçün 214 kq-ı ram etməli idi. Dünya rekordundan düz 4 kq çox! 15 ildir yenilənə bilinməyən, 2001-ci ildə Trençin şəhərində rusiyalı Oleq Perepetçenovun müəyyən etdiyi 210 kq-dan nə az, nə çox, düz 4 kq çox olan ştanqı qaldırmaq lazım idi. Sözlə ifadəsi mümkün olmayan ikinci yanaşmasında azərbaycanlı Nicat Rəhimov işinin öhdəsindən uğurla gəldi və OLİMPİYA ÇEMPİONU oldu. Hələ bir neçə il əvvəl Xırdalanda “Zirvə” İdman Klubunun zalında məşq edən, klubumuzun zona yarışlarında çıxış edən, bərkiyən, böyüyən Nicat artıq bir Olimpiya çempionudur! Əlavə söz demək olmur…

Mərkəzi bazası AAAF Park Yaşayış Kompleksi olan “Zirvə”nin yetirməsi olan Nicat Rəhimov 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, ötən il Hyustonda böyüklər arasında dünya çempionu da olmuşdu. Vətəndən uzaqda olsa da, o həmişə bizim Nicatımızdır. Ona azarkeşlik etmək, qələbələrinə sevinib, kədərinə üzülməyimiz çox təbiidir.

Bu nəticə həm də regionlarda inşa edilən zalların və fəaliyyət göstərən klub və federasiyanın, xüsusilə də Azərbaycanda idmana böyük diqqət və qayğı nümayiş etdirən Cənab Prezident İlham Əliyevin əməyinin nəticəsidir.

2001-ci ildə Milli Olimpiya Komitəsinin məktubu əsasında Xırdalanda ölkə prezidentimiz, ümummilli lider Heydər Əliyevin təcrübəli idmançı və mütəxəssis Nizami Paşayevə verdiyi mükafatlar hesabına inşa edilən ağır atletika zalı fəaliyyətə başladı. Təcrübəli məşqçi, hazırda Azərbaycanın kişilərdən ibarət yığma komandasının baş məşqçisi olan Maksum Xasanov və Nicatın atası Əli Rəhimov bu zalda idmançımızı yarışlara hazırlayıblar. Federasiya və klubumuzun dəstəyi ilə regionlarda başlanılan bu iş qısa zamanda bəhrəsini verməyə başladı. 2010-cu ildən Nicat Rəhimov, Firudin Quliyev, Elxan Əliqulizadə, Dadaş Dadaşbəyli, Azər Məmmədov, Rüstəm İmanzadə, Valeh Baxşalizadə, Paşa İbrahimli və başqa istedadlı atletlərin səsi beynəlxalq yarışlardan gəlməyə başladı. Ard-arda gələn uğurlar, qələbələr, çempionluqlar hamımızı sevindirmişdi. Amma bu kütləvi inkişafı istəməyən qüvvələr işimizə mane olmağa başladı və bir çox çətinliklərlə üzləşdik.

Bu gün Nicatla yanaşı daha 4 gənc idmançımız Rioda medal qazanmaq gücündə idi. Ancaq bütün bu süni maneələrə baxmayaraq, Azərbaycan Ağır Atletika Federasiyasında işlər maksimum sürətlə davam edir. İdmançılar və məşqçilərə ən yüksək şərait yaradılır, onların fərdi və peşəkar inkişafı üçün böyük addımlar atılır. İstər klub, istərsə federasiya, istərsə də dövlət səviyyəsində ağır atletikaya dəstək çox böyükdür. İnanırıq ki, görülən bu işlər tezliklə yenidən öz bəhrəsini verəcək, çempionluqlara, uğurlara yenidən sevinəcəyik.

Tarixdə ilk dəfə bir azərbaycanlı ağır atlet Olimpiya Oyunlarında möhtəşəm rekorda imza ataraq qızıl medala sahib çıxdı. Bu, böyük bir tarixdir və onu məhz Nicat Rəhimov yazdı. AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubu olaraq onu, onun ailəsini və məşqçilərini, bu fantastik qələbəsində əməyi olan hər kəsi təbrik edir, Azərbaycan xalqına bu sevinci yaşatdığına görə təşəkkür edirik!

Əhsən, Nicat!

SHARE