Müxbirimiz “AAAF Park” Yaşayış Kompleksi və onun rəhbəri barəsində yayılan məlumatları araşdırdı; şirkətin sözçüsü musavat.com-a nələrdən danışdı?
Son günlər “AAAF Park” Yaşayış Kompleksi və rəhbəri Tofiq Heydərov barəsində mətbuatda müxtəlif xəbərlər yayılmaqdadır. Bu xəbərlər sırasında “AAAF İnşaat” MMC-nin sahibinin polisdə saxlanması, vəhhabilərə yaxınlığı, şirkətin maliyyə böhranı içərisində olması yer almaqdadır. Ancaq şirkət rəhbərliyi mətbuata açıqlamasında deyilənləri təkzib edib.
Buna baxmayaraq, məlumatlar yayılmaqda davam edir və şirkətin “Sevil massivi” MMC-nin taleyini yaşayacağı iddia edilir. Bu da şirkətdən mənzil alan payçıların narahatlığına səbəb olur. Bəs, əslində nə baş verir?
Bu söz-söhbətlərə aydınlıq gətirmək üçün Xırdalanda yerləşən şəhərcikdə olduq və işlərin gedişi ilə maraqlandıq. Müşahidələrimiz zamanı tikinti işlərinin davam etdiyinin şahidi olduq. Onu da öyrəndik ki, “AAAF Park”da tikilmiş binalarda artıq yaşayanlar da var.
Onların qaz və işıq təchizatı təmin olunub. Qarşıdakı 2-3 il ərzində bütün işləri yekunlaşdırmağı planlaşdıran şirkət rəhbərliyinin başqa ərazilərdə də layihələri nəzərdə tutulub. Bu haqda daha sonra…
Əvvəla onu bildirək ki, Xırdalanın mərkəzindən çox da uzaqda olmayan “AAAF Park” şəhərciyinə rahat getmək mümkündür. Metronun “20 Yanvar” stansiyası yaxınlığından 135 nömrəli marşrut birbaşa şəhərciyin qabağına gedir.
Təxminən, yarım saata mənzil başına çatmaq olar. Şəhərciyin girişində şlaqbaum qoyulub. Həyətində isə satış mərkəzi yerləşir.
Burada mənzil almaq istəyən vətəndaşlarla müqavilə bağlanır. İstəyənlər burada daxili kreditlər 1, 2, 3 və 5 illik, Azərbaycan Beynəlxalq Bankı vasitəsilə isə 10 illik kreditlə ev ala bilərlər.
Kompleksin girişindən park başlanır və axıra qədər müxtəlif kafelər, restoranlar, uşaq əyləncə mərkəzi, cürbəcür attraksionlar var. Parkın sağ və solunda isə 4, 5, 6 və 7 mərtəbəli binalar inşa olunub.
Bu tikinti geniş bir ərazini əhatə edir. Həmçinin, villa kimi həyət evləri də inşa olunub.
Əslində, Tofiq Heydərov “AAAF Park”ı idmançılara, ağır atletlərə dəstək üçün nəzərdə tutub. Məlum olduğu kimi, T.Heydərov özü də SSRİ idman ustasıdır və 1996-cı ildə Atlanta Olimpiadasının iştirakçısı olub.
Amma hazırda beynəlxalq dərəcəli hakim olan T.Heydərovun şirkətindən təkcə idmançılar deyil, adi vətəndaşlar da ev ala bilər. Hazırda şəhərcikdə yeni binaların inşası davam edir və gələcəkdə 20-25 min nəfərin burada yaşaması nəzərdə tutulub.
“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev isə deyir ki, gələcəkdə idmançı olmaq istəyən uşaqların sağlam böyüməsi üçün burada gözəl imkan yaradılıb. Şirkət sözçüsünün dediyinə görə, T.Heydərov yaşayış kompleksini idmanın içində layihə olaraq, fikirləşib.
K.Məstəliyev bildirir ki, “AAAF Park” idmanın üzərindən bir yaşayış kompleksi olaraq nəzərdə tutulub: “Gördüyünüz kimi, şəhərcikdə baxça, lisey fəaliyyət göstərir, uşaqların burada təhsil almasına şərait yaradılıb. Baxçamızda Uşaq İdman Akademiyası var, Liseyimiz isə İdman təmayüllüdür. Uşaqların sağlam həyat yaşaması, sağlam böyüməsi, Azərbaycana layiqli vətəndaş kimi yetişməsi üçün əlimidzən gələni edirik və edəcəyik.
Bizim baxçada həm şahmat, həm cüdo, həm də gimnastika üzrə idman dərsləri keçirilir və yüksək ixtisaslı müəllimlər tədrisdə iştirak edirlər.
Baxçamızda təhsil ödənişlidir və ayda 300 manatdır. Ancaq bizim sakinlərə güzəşt edilib və 50 manat endirim var. Kənardan gələnlərə isə aylıq 300 manatdır və onu da deyim ki, uşaqların harada qalmasından asılı olmayaraq, şirkət onları evlərindən götürüb liseyə, baxçaya aparır, sonra evinə qaytarır, qidalanmasını təşkil edir. Yəni, burada onların sağlam böyüməsi üçün maksimum şərait yaradılıb”.
K.Məstəliyevin sözlərinə görə, şəhərcikdə “Limuland” əyləncə mərkəzi var: “Ondan başqa, “7D cinema”, Buz meydançası və başqa istirahət layihələrimiz xidmət göstərir. Eyni zamanda, tibb məntəqəsi var. Burada yaşayan sakinlərin ildə iki dəfə poliklinikada pulsuz müayinəsi nəzərdə tutulub. Bundan başqa, məscid tikilir və inanclı insanların ibadətinə şərait yaradılacaq ki, bunun üçün uzağa getməsinlər.
Biz ictimai mədəniyyətə xüsusi diqqət yetiririk. Kompleksin həyətində siqaret çəkmək, spirtli içkilər içmək qadağandır və buranı mədəni bir şəhərcik kimi görmək arzusundayıq. Parkın kənarında isə gördüyünüz kimi, binalar tikilib. Biz planlaşdırırıq ki, iki il ərzində bütün bu tikintilər yekunlaşsın. Və burada 20-25 min adamın yaşayışı planlaşdırılıb. Artıq hazır binalara köçənlər var və bütün kommunal xidmətlər təmin edilib”.
Onu da deyək ki, “AAAF Park”da binalar təmirsiz təhvil verilir. Artıq tikintisi başa çatmış binalarda demək olar ki, satılmayan mənzil qalmayıb. Hazırda tikilməkdə olan binalarda isə 1, 2 və 5 illik kreditlə mənzillər satışdadır.
K.Məstəliyev danışır ki, yeni layihə var və orada binalar təmirli təhvil veriləcək: “Bu kompleksə ilk gündən böyük maraq və tələbat var. Artıq inşaatın təməli qoyulanda mənzillərin yarısı satılmışdı. Çünki həm şəraiti var, həm sakitlikdir, səs-küydən uzaqdır, yaşıllıq var. Habelə, fitness, uşaq əyləncə mərkəzi, restoranlar, müxtəlif iaşə obyektləri, super market mövcuddur. Yəni, bütün infrastruktur qurulub”.
Artıq Xırdalanda işlər bitəndən sonra eyni layihə Astarada da reallaşacaq. Sahilyanı ərazidə “Astara AAAF PARK” proyekti yerli sakinlər üçün nəzərdə tutulub. Bundan əlavə, Moldovanın Kişinyov şəhərində analoji layihənin reallaşdırılması planlaşdırılır. Planda Çeçenistanın Qroznı şəhəri də var.
K.Məstəliyev qeyd edir ki, bütün bu planlar bir layihədir: “Biz bu şəhərləri seçəndə idman faktorunu əsas götürürük. Bilirsiniz ki, “Zirvə” idman klubu Azərbaycanın ağır atletikasının lideridir. “Zirvə” klubu hesabına ağır atletlər yetişir. Biz ölkə ərazisində rəqib tanımırıq deyə xaricə çıxırıq.
Artıq Polşa, Bolqarıstan, Belarus, Gürcüstan, İran və başqa ölkələrdə filiallarımız yaranır. Bu filiallar yaranarkən “AAAF Park” yaşayış layihələri də nəzərdə tutulur. Biz yerli idmançılar üçün klub yaradırıq. Məsələn, “Lvov-Zirvə”, Polşanın Terespol şəhərində də bir klub yaradırıq. Kişinyovun İvança qəsəbəsində “Zirvə” filialı yerləşir. Mümkün olduqca, həmin klubların ətrafında “AAAF Park”, müxtəlif komplekslər qururuq. Tofiq Heydərovun böyük planları var və növbə ilə bu işlər həyata keçiriləcək”.
T.Heydərovun 50-yə yaxın idmançıya və məşqçiyə ev bağışladığını deyən şirkət rəsmisi bildirdi ki, idmançıların özlərinin də mənzil sahibi olması üçün şərait yaradılıb: “Ağır atletlər ölkəmizi daim təmsil etdiyi üçün onlara bu imkan yaradılıb. Klubumuzun ildə iki dəfə böyük yarışı keçirilir. Bu yarışda bütün ölkələrdən olan filiallarımızdan ən yaxşılar gəlirlər. Həmin turnirlərdə idmançılara qalib gəldiyi yarışlarda medal, diplomdan əlavə pul mükafatı ödənilir.
Bu pul mükafatından əlavə onlara ev sertifikatı da verilir. Məsələn, böyük yaşlı idmançıların mübarizəsində qalib gələn ağır atlet pul mükafatı ilə yanaşı, 3 min manatlıq ev sertifikatı qazanır. Sonrakı yarışlarda da uğur qazanan idmançı, müvafiq sertifikatları toplayır. Müəyyən məbləğ toplandıqdan sonra, atlet həmin sertifikatları şirkətimizə təqdim edir və həmin məbləğdə mənzili pulsuz əldə edə bilir”.
Emil