“AAAF Park”-ın sakini Universiadada qızıl medal qazandı!

Əhsən, Firudin!

6-17 iyul 2013-cü il tarixləri arasında Rusiyanın Kazan şəhərində 27-ci Ümumdünya Yay Universiadası keçirildi. 170-dən çox ölkənin qatıldığı yarışda 27 idman növü üzrə medallar uğrunda mübarizə getdi. Universiadada Azərbaycanın ağır atletika yığması da iştirak etdi. Komandamız iki medal qazandı. Birini qadınların yarışında – 58 kq çəki dərəcəsində Kristina Yovu boynundan asdı. O, gümüş medal qazandı.

Qızıl medalı isə Azərbaycan ağır atletikasının qüruru, ölkə idmanının gələcək ulduzu Firudin Quliyev əldə etdi. “Zirvə” İdman Klubunun yetirməsi olan 19 yaşlı gənc atletimiz ona edilən ümidləri artıqlamasıyla doğrultdu. Buna qədər yeniyetmə və gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçısı və qalibi, dünya rekordçusu olan Firudin Quliyev həm də AAAF Park Yaşayış Kompleksinin sakinidir. Belə istedadlı bir şəxsin bizimlə eyni məkanda yaşaması böyük qürurdur. Əminik ki, Firudinin səsi daha böyük yarışlardan gələcək. İnşallah, bir neçə ildən sonra Olimpiya Oyunlarında da medallar qazanacağına heç bir şübhəmiz olmayan Quliyev, illər keçdikcə daha da güclənəcək və bizləri uğurları ilə daha çox sevindirəcək. Amin!

“Zirvə” İdman Klubunun adını zirvələrə daşıyan gənc atletimizin Universiadadakı çıxışı çox maraqlı alındı. 69 kq çəki dərəcəsində mübarizə aparan Firudin Quliyev, uğurla çıxış etdi.

Firudin birdən qaldırma hərəkətindəki yerinə yetirdiyi hər üç yanaşmasında ştanqı başı üzərinə qaldırıb. Sıra ilə 135, 140 və 142 kq çəkini ram edən Quliyev, birdən qaldırma hərəkətində 3-cü yeri tutub.

Təkanla qaldırma hərəkətində isə daha gözəl çıxış edən atletimiz, Universiadanın qalibi adını qazanıb. Gənc “Zirvə”çi ağırlıqqaldıran həmişə olduğu kimi ən güclü tərəfi olan təkanla qaldırma hərəkətini əla işləyib. Yeniyetmələr arasında dünya rekordçusu olan Firudin, gücünü dünyaya bir daha sübut edə bilib. Birdən qaldırma hərəkətində 142 kq çəkini qaldıraraq 3-cü olan Quliyev, qızıl medal uğrunda əsas rəqibi ilə arasındakı 6 kq-lıq fərqi aradan qaldıra bilib. Təkanla qaldırma hərəkətində ilk olaraq 175 kq-ı ram edən atletimiz, çempion olmaq üçün 181 kq-ı da başı üzərinə qaldırmağa məcbur idi. Və o, bunun öhdəsindən gəldi!

Eyni zamanda Universiadanın iki rekordunu – həm təkanla qaldırma, həm də toplamda – yeniləyən Firudin, sonuncu yanaşmasında 191 kq sifariş verərək möhtəşəm bir addım atdı. Bu çəki gənclər arasında dünya rekordunun yenilənməsi demək olacaqdı. Ancaq çinli atlet Liao Huyun 28 noyabr 2007-ci ildə müəyyənləşdirdiyi 190 kq-lıq rekord qırılmadı. Hələ ki, qırılmadı. Universiadanın qalibliyini belə rahatlıqla qazana atletimizə inamımız sonsuzdur. Onun hələ 19 yaşı var və ən böyük qələbə və uğurları hələ qabaqdadır.
Beləliklə, toplamda 323 kq (142 kq + 181 kq) nəticə göstərən Firudin Quliyev ümumi sıralamada qızıl medal qazanaraq, bayrağımızın Kazanda dalğalanması, himnimizin səslənməsinə nail oldu. Bu gözəl qələbədə əməyi olan hər kəsə təşəkkür edir, uğurlarımızın davamının gəlməsini arzulayırıq!

Firudin Quliyev Rusiyanın Kazan şəhərindən vətənə qayıdanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gül-çiçək və böyük diqqətlə qarşılanıb. Ölkənin aparıcı telekanal və KİV-ləri o və digər medalçımız Kristina Yovunun qarşılanma mərasimində iştirak edib. Qaliblər müsahibə verib, istəyənlərlə şəkil çəkdirib.

AAAF PARK sakinləri olaraq bizlərin də üzərinə kiçik bir məsuliyyət düşür. Gəlin, bu istedadlı gəncimizi Yaşayış Kompleksimizdə hər dəfə görəndə onu bir daha təbrik edək, uğurlar arzulayaq, yeni qələbələrə ruhlandıraq. İdmanın fiziki tərəfi ilə yanaşı, mənəvi tərəfi də böyük əhəmiyyət daşıyır. Firudin bizim fəxrimizdir. Ona dəstək olmaq, qələbələrə səsləmək hamımızın borcudur. Çünki o, hamımızın vətəni olan Azərbaycan, onun bayrağı üçün mübarizə aparır. İrəli, Firudin!

[nggallery id=29]

 

SHARE