AAAF Park əməkdaşlarından möhtəşəm ixtira

AAAF Park Yaşayış Kompleksinin əməkdaşları – dizayner Leyla xanım, bacısı Günel və atası Adil bəylə birlikdə yeni bir ixtiraya imza atıblar. Görünüş cəhətdən Azərbaycanın qədim musiqi aləti – sazı və tarı xatırladan, beş illik gərgin əməyin nəticəsi olan simli musiqi alətinin adı “Buta tar”dır. Bir çox müasir simli musiqi alətlərinin xüsusiyyətlərini özündə cəmləşdirən bu alət yaranma texnologiyasına görə təəccübə səbəb olub. Özlüyündə akustikliyə malik olan alət elektron şəkildə qoşulmaya yararlıdır, struktur baxımından mürəkkəbdir.

İxtiraçılardan Adil Xəlilov milli ruhda dizayn edilmiş alətin üstünlükləri barədə AAAF TV-yə müsahibəsində danışıb.

Milli elementlərlə, xüsusilə, buta fiqurları ilə zəngin alət 63 qatdan təşkil olunub. Daha bir maraqlı məqam isə çoxqatlı aləti hazırlamağa imkan verən yeni proqram – 3D qat vasitəsilə interyer üçün də qısa müddətdə müxtəlif quruluşlu aksesuarlar hazırlamaq olar. Adil bəy alətin quruluşu, səs diapazonu ilə yanaşı hansı janrlarda ifaya imkan verdiyi barədə də məlumat verib.

Adil bəy ixtira olunmuş “Buta tar” simli musiqi alətinin patentini də əldə etdiyini, eləcə də, Avrasiya patent idarəsinə də ixtira barəsində sənədlərin təqdim olunduğunu və ilk müsbət rəyin alındığını vurğulayıb. Qeyd edək ki, bu həftənin şənbə günü, saat 19:00-da AAAF Park Yaşayış Kompleksində “Buta tar” adlı yeni musiqi alətinin təqdimatı və nümayişi baş tutacaq.

SHARE