AAAF PARK Yaşayış Kompleksində hələ belə qələbəlik olmamışdı. Birdən-birə bu qədər qonağı Kompleksimizdə görmək xoş sürpriz oldu. Mayın 10-da Ümummilli lider, Böyük Öndər, Müdrik rəhbər, Dahi şəxsiyyət və Qüdrətli sərkərdə Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli “Gül Bayramı” bayram konserti möhtəşəm alındı.
“Koroğlu Üvertürası” ilə başlayıb Fişəng-şou ilə bitən tədbirdə bir çox tanınmış musiqiçi və ifaçılar iştirak etdilər. Müxtəlif rəqslər, “Qum Şousu” və başqa bir çox maraqlı nömrələr AAAF PARK-a toplaşanların zövqünü oxşadı. Yüksək səviyyəli təşkilatçılıq, Parkın ərazisində göstərilən xidmət, əyləncə və iaşə obyektlərinin işi hamını razı salmışdı.
Ümummilli lider, mərhum prezident Heydər Əliyevin portretindən hazırlanmış gül kompozisiyası xüsusi olaraq bu tədbir üçün nəzərdə tutulmuşdu. Su quşlarının üzdüyü böyük fontanla əhatə olunmuş, rəngarəng güllərlə bəzədilmiş səhnədə Ağabala Abdullayev, Bilal Əliyev, Ağadadaş Ağayev, Zaur Rzayev kimi tanınmış müğənnilər, həmçinin Leyla Qəhrəmanova, Sevinc Sarıyeva, Elin Məmmədov, Eldəniz, Ramil Qasımov, Nigar Rəhimova mahnıları ilə ailəvi istirahət üçün Kompleksimizə axın edən minlərlə qonağımızı feyziyab etdilər. Tərəkəmə, Uzundərə kimi rəqslər, həmçinin sürpriz olaraq Misirdən dəvət edilmiş rəqqasın Hüsəm rəqsi alqışlarla qarşılandı. Xüsusilə bu rəqs zamanı Azərbaycan bayrağının dalğalandırılması xoş görüntü yaratdı. 6 saata yaxın davam edən tədbir aparıcı Zöhrab Həmzəoğlunun təqdimatında vətənpərvərlik şeirləri müşayiəti ilə də yadda qaldı. Həmçinin böyük monitorda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqda video və foto materiallar nümayiş etdirildi.
Sonda xalqımızın “Gül Bayramı” “Fişəng şousu” ilə təbrik edildi. Mayın 10-da tədbirimizə qonaq olmuş hər kəsə təşəkkür edir, onlara xoş axşam və istirahət yaşatdığımıza ümid edir, növbəti mərasimlərdə də dəvətimizi qəbul edəcəklərinə inanırıq.
Bayramınız mübarək!
Tədbirdən görüntüləri sizə təqdim edirik:
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions