AAAF Park Yaşayış Kompleksi daha bir böyük idman yarışına hazırlaşır. 18-19 avqust tarixləri arasında Kompleksimizin yeni, möhtəşəm yarış zalında “8-ci Zirvə Kuboku və 1-ci “Zirve İnternational Sport Clubs” Dünya Çempionatı” keçiriləcək. Turnirdə 10-a yaxın ölkədən idmançılar, məşqçilər, dgiər mütəxəssislər və qonaqlar iştirak edəcəklər.
“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın (ZİSC) ilk böyük yarışının 1-ci seçmə mərhələsi çox geniş coğrafiyanı əhatə etdi. Mayın 23-də Samuxdakı idman kompleksimizdə başlayan yarışlar, iki gün sonra Xırdalan, 28-30 may – tarixlərində isə Lənkəranda başa çatdı. Azərbaycandakı bu turnirlərdə 500-dən çox ağır atlet iştirak etdi ki, bu da rekord göstəricidir.
Daha sonra növbə digər ölkələrdəki filiallarımıza çatdı. İyun ayının əvvəlində Türkiyə və Rusiyada, sonunda Bolqarıstanda, iyulun 10-13-də Polşada, iyulun 19-da Moldovada, avqustun 2-də Ukraynada keçirilən mərhələ yarışlarında yüzlərlə “Zirvə” təmsilçisi körpücük üzərinə çıxdı.
Azərbaycan idmanının inkişafına dəstəyini həmişə nümayiş etdirmiş klubumuz tərəfindən inşa edilən və bütün lazımi şəraitlə təmin olunan zallarda mübarizə aparan atletlər, tərəfimizdən tam idman geyimi ilə təmin olundular, medal, kubok və diplomlarla təltif edildilər. Yarışlar zamanı Azərbaycana bayrağı qaldırıldı, himnimiz səsləndirildi. Keçirilən yarışların yüksək səviyyədə olmasını bütün qonaqlar qeyd etdilər.
Baş tutan bu turnirlərdə fərqlənən ən güclü idmançılar avqust ayının 18-də Kompleksimizin yeni yarış zalında başlayacaq Kuboka vəsiqə qazandılar. Hərəsində 12 nəfər olmaq 7 yaş qrupunda 84 gənc, yeniyetmə və böyük idmançıların, həmçinin daha 12 nəfər veteran ağır atletin çıxış edəcəyi bu böyük beynəlxalq yarış izləyənləri sevindirəcək. Kubokun gedişində qonaqlara maksimum şərait yaradılacaq, onların AAAF Park Yaşayış Kompleksinin bütün imkanlarından yararlanması təmin ediləcəkdir.
Hamınızı 18-19 avqust tarixlərində bu yarışı izləməyə dəvət edirik!