“AAAF Park Astara”da “Milli Qurtuluş günü”nə həsr olunmuş konsert keçirildi – Fotolar+Video

İyun ayının 14-də Astara şəhərində Qurtuluş Gününə həsr edilmiş möhtəşəm bayram konserti baş tutdu. Astara şəhər İcra Hakimiyyəti və “AAAF Park” Yaşayış Kompleksinin birgə təşkilatçılığı ilə Astaranın Dənizkənarı Park Bulvar Kompleksində yerləşən “AAAF Park Astara” İstirahət və Əyləncə Mərkəzində baş tutan konsert  hər kəsə bayram sevinci yaşatdı.

Üç saat davam edən konsertdə aşıq və  muğam ifaçıları, cənub regionunun tanınmış müğənniləri çıxış etdilər, skripka ifa olundu, rəqs qruplarının nümayişi uşaqdan-böyüyə hər kəsin əylənərək, sevinməsinə səbəb oldu.

Konsert zamanı Ulu Öndər Heydər Əliyevin həyat yolu, vətənimiz üçün gördüyü işlər dilə gətirildi. Müasir Azərbaycanın quruculuğunda gördüyü əvəzsiz işlərdən bəhs edilərək ümummilli lider yad edildi. Sonda tanınmış müğənni Ağadadaş Ağayevin “Sən elə bir zirvəsən” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıq baş tutdu.  

Astara şəhəri, Gənclər küçəsindəki 20 hektar ərazidə inşa edilən “AAAF Park Astara”da süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları fəaliyyət göstərir. Astara sakinlərinin sonsuz rəğbətini qazanmış “AAAF Park Astara”da “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binaların inşaası da nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin aprel ayının  11-də ölkə başçısı  Astara şəhərində səfərdə olarkən “AAAF Park Astara” layihəsi ilə tanış olmuş, layihədən razılığını dilə gətirən prezident  görülən və görüləcək işlərdən məmnunluğunu bildirərək tapşırıq və tövsiyələrini vermişdi.

SHARE