Martın 5-də AAAF Park Astarada ağır atletika üzrə təlim-məşq bazasının açılışı olub. Mərasimdə Astara RİH-nin, AAAF Holdinqin, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər şəxsləri, məşqçi və idmançılar iştirak ediblər. Qırmızı lenti Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Ruslan Xanverdiyev kəsib. Qonaqlar içəri daxil olaraq bu çoxfunksiyalı bazadakı şəraitlə tanış olublar. Burada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş AAAF Fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Qonaqlar, mütəxəssislər gördüklərindən razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, açılış mərasimi olan günü ölkəmizin qadınlardan ibarət ağır atletika yığma komandası da bazada təlim-məşq toplanışını həyata keçirirdi.