“AAAF Holdinq” ilə “CİEAT Group LTD” arasında protokol imzalandı

“AAAF Holdinq” İlə “ChIna InnovatIon Envİromental Art Technology Group LTD” arasında protokol İmzalandı.

İyunun 26-da AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında təsisçi Tofiq Heydərovun şəxsində Azərbaycan Respublikasının “AAAF Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə rəhbər Şu Cilayın şəxsində Çin Xalq Respublikasının “China İnnovation Enviromental Art Technology Group LTD” – CİEA arasında qarşılıqlı dostluq və tərəfdaşlıqla bağlı razılaşma protokolu imzalanıb. Anlaşmaya əsasən, tərəflər arasında qarşılıqlı faydalı münasibətlərin inkişafına və iqtisadi inteqrasiyanın dərinləşməsinə dəstək veriləcək, beynəlxalq əməkdaşlığın ümumi qəbul olunmuş norma və qaydalarına uyğun, böyük layihələr həyata keçiriləcəkdir. Protokolda CİEA şirkətinin “AAAF Holdinq”in tikinti və biznes layihələrinə müqavilə üzrə 3 ilə 60 milyon ABŞ dolları həcmində yatırım etməsi, yerli şirkətin isə bu layihələri yerinə yetirmə öhdəliyini öz üzərinə götürməsi qeyd olunub.

İmzalanma mərasimində ilk olaraq qonaq şirkət rəhbəri Şu Cilaya söz verilib. O, bu anlaşmanın həyata keçirilməsindən çox razı qaldığını qeyd edib. Cənab Cilay bildirib ki, bu yatırımlar vasitəsilə Çin və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətləri daha da genişləndiriləcək və möhkəmləndiriləcək, böyük layihələr reallaşdırılacaqdır. Şirkət olaraq “AAAF Holdinq” və onun rəhbəri Tofiq Heydərovla işləməkdən məmnun olduğunu dilə gətirən çinli iş adamı, atılacaq addımların hamı üçün səmərəli və xeyirli olacağını deyib.

Sonra “AAAF Holdinq”in təsisçisi Tofiq Heydərov danışıb. O, qeyd edib ki, şirkət olaraq Azərbaycanda və ondan kənarda indiyə qədər həyata keçirdiyimiz layihələr uğurla başa çatdırılıb və öz müasirliyi, böyük funksionallığı ilə seçilib. Ölkəmizin bir neçə regionunda, həmçinin digər dövlətlərdə tikintisi aparılan AAAF Park buna bariz misaldır. Çinin CİEA şirkəti ilə birgə əməkdaşlıq və innovativ texnologiyaların tətbiqi ilə biznes çalışmaları isə yeni sərhədlər açacaq, üfüqləri yaxınlaşdıracaqdır. Heydərovun sözlərinə görə, cənab Cilayla ölkənin bir çox regionlarında qonaq olmuş, müvafiq yerli icra orqanları ilə görüşlər keçirmiş, gələcək işlər üçün müsbət perspektivlər əldə etmişdilər.

Sonra şirkətlər arasında anlaşma imzalandı və bu, alqışlarla müşayiət olundu. Xatirə şəkilləri çəkildi.

Sonda isə Azəbaycan telekanalları üçün təşkil olunan brifinqdə həm Tofiq Heydərov, həm də Şu Cilay jurnalistlərin suallarını cavablandırdılar, görüləcək işlər barədə daha geniş məlumat verdilər.

SHARE