“9-cu Dünya Kuboku” avqustda “AAAF Park Astara”da başladı

26-30 avqust tarixlərində Astara Olimpiya Kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun filialları arasında “9-cu Dünya Kuboku” keçiriləcəkdir. Bu ənənəvi yarışda Azərbaycanla yanaşı, 12 ölkədən 100-dən artıq ağır atlet çıxış edəcəkdir.

Sabiq ağır atlet, 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı, SSRİ İdman Ustası və beynəlxalq dərəcəli hakim Tofiq Heydərovun rəhbərlik etdiyi “Zirvə” Beynəlxalq İdman Klubu – Türkiyə, Ukrayna, Moldova, Rusiya, İran, Polşa, Bolqarıstan, İsrail, ABŞ, Belarus və Qazaxıstandakı filialları ilə sıx əlaqədədir. İl ərzində bütün bölmələrdə 4 seçmə mərhələ keçirilir ki, onların ən yaxşıları avqustda Dünya Kuboku, dekabrda isə klubun Dünya Çempionatının Final mərhələsinə vəsiqə qazanırlar.

Azərbaycanda bütün regionlarda – 20-dən çox rayonda 700-ə yaxın ağır atletin üzvü olduğu “Zirvə” BİK, ölkəmizin aparıcı klublarındandır. Məhz bu klubun atletləri istər klubdaxili, istər Respublika, istərsə də müxtəlif beynəlxalq yarışlarda böyük uğurlar qazanaraq Azərbaycanı layiqincə təmsil edə bilirlər. Hər il orta hesabla 30-a yaxın medalın məhz bu klubun nümayəndələri tərəfindən qazanılması buna misaldır.

“9-cu Dünya Kuboku”nda iştirak edəcək idmançıların hər birinə xüsusi diqqət göstəriləcəkdir. Belə ki, hər bir ölkənin nümayəndə heyəti – idmançılar və məşqçilər – “AAAF Park Astara”da tikilən villalarda yerləşdiriləcəklər. Hər ölkə üçün ayrıca məkanın ayrılması burada kiçik bir Olimpiya kəndinin olması fikrini özündə ehtiva edir. “AAAF Park Astara”dakı şərait həm istirahət, həm də yarışa hazırlıq baxımından ideal olduğundan, ən yüksək səviyyəli yarışın keçiriləcəyinə şübhə yoxdur. Əlavə edək ki, “9-cu Dünya Kuboku”nun qalib və mükafatçılarına xüsusi diplom, medal və kuboklar, pul mükafatları, həmçinin ev alınması üçün sertifikatlar təqdim olunacaqdır. Bu sertifikatların müəyyən məbləğə qədər çatmasından sonra idmançı və məşqçilər onları şirkətə təqdim edərək, həmin məbləğdə mənzili pulsuz əldə edə biləcəklər. Uzun illərdir bu təcrübəni tətbiq edən “Zirvə” Beynəlxalq İdman Klubu, artıq 20-yə yaxın ağır atlet və məşqçiyə ev hədiyyə etmişdir.

SHARE