700 bal toplayan abituriyentlər AAAF Parkın qonağı oldu

Ötən həftə AAAF Holdinqin təşkilatçılığı ilə universitetlərə qəbul imtahanlarında bütün qruplar üzrə ən yüksək nəticələrə nail olan abituriyentlərlə görüş keçirilib. “Zirvə” restoranına toplaşan qonaqlar yüksək balla tələbə adını qazanan gənclərin nailiyyətlərini qeyd edib. İlk olaraq təşkilatçılar təqdimat xarakterli çıxış edib, öz ürək sözlərini deyib, yığıncağın məqsədi və AAAF Holdinqin təhsil sahəsində gənclərin inkişafına təkan verəcək layihələrindən söhbət açıb, təhsildən sonrakı mərhələdə şirkətin onlara dəstək olacağını bildiriblər. Sonra yüksək nəticələr – 700 ballıq maksimum nəticəni əldə etmiş abituriyentlər – Orxan Zülfüqarov, Ağalətif Lətifov, Təbriz Qasımov, Şahbaba Məmmədov, Elvin İsayev, Nadir Sultanlı, Rəvan Nəzərəliyev, Nurlan Nəzərəliyev AAAF TV-yə müsahibəsində bu uğurları və buna necə nail olduqları barədə danışıblar. Yığıncağa övladları ilə birgə qatılan valideynlər də onların sevincinə şərik olduqlarını bildirib, abituriyentlərin bu yolda çəkdiyləri əziyyətləri bir daha yada salaraq, uğurlar arzu ediblər. Mərasimdə AAAF Holdinqin abituriyentlər üçün hazırladığı sertifikat, mükafatlar və hədiyyələr təqdim edilib, valideynlər sırasında iştirak edən xanıma isə gül dəstəsi verilib. Daha sonra ziyafət süfrəsi ətrafında əyləşən qonaqlar dadlı təamlardan dadaraq səmimi söhbətlərlə yığıncağı davam etdirib. Biz də öz növbəmizdə, tələbə adını qazanan bütün gəncləri təbrik edir, ölkəmizdə təhsilin və elmin inkişafında böyük nailiyyətlər əldə etməsini arzu edirik.

SHARE